AZ

Dövlət dəstəyi və suvarma islahatları - Şərurda bol məhsulun təməli qoyulur

Naxçıvan, 2 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ən böyük aqrar rayonu olan Şərurda hər il kənd təsərrüfatı sahəsində yüksək göstəricilər qeydə alınır. Yazın təravətli nəfəsi ilə canlanan ərazilərdə torpaq mülkiyyətçilərinin çoxillik təcrübəsi, zəhməti və dövlətin hərtərəfli dəstəyi birləşərək bol məhsulun möhkəm təməlini qoyur. Bu gün rayonun geniş əkin sahələrində müasir aqrar texnologiyaların tətbiqi, torpaq resurslarından səmərəli istifadə və fermerlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi kənd təsərrüfatının dinamik inkişafını aydın nümayiş etdirir.

Şərurda ənənəvi və sürətlə inkişaf edən strateji sahələrdən biri kartofçuluqdur. Rəsmi statistikaya nəzər salsaq, 2025-ci ildə 589,33 hektar sahədən 17 min 825,8 ton məhsul yığılıb ki, bu da hər hektar üzrə orta hesabla 302,5 sentner məhsuldarlıq deməkdir.

Bu il üçün proqnozlar daha nikbindir. Cari ilin yazlıq əkin planında 2152 hektar sahə nəzərdə tutulub ki, bunun da 430 hektarı birbaşa kartof əkininə ayrılıb. Həyətyanı sahələrdəki 200 hektarlıq əkinləri də nəzərə alsaq, bu il rayonda kartof sahələrinin ümumi həcmi 630 hektarı ötəcək.

Əkinçiliyin inkişafında həlledici amil etibarlı su təminatıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” bu istiqamətdə inqilabi addımlara yol açır. Sənədə əsasən, Şərur rayonunda Arpaçay və Araz çaylarından qidalanan hidrotexniki qurğuların, nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması suvarma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Xüsusilə Püsyan, Tumaslı və Xanlıqlar kəndlərində kollektor-drenaj şəbəkələrinin inşası torpaqların meliorativ vəziyyətini yaxşılaşdıraraq məhsuldarlığı artıracaq.

Dövlət dəstəyi fermerlərin işinə yeni stimul verir. Cəlilkənd kənd sakini, qabaqcıl təsərrüfatçı Yaqub Tağıyev artıq 20 ilə yaxındır əkinçiliklə məşğuldur və əsas fəaliyyət sahəsi kartofçuluq və qismən də soğançılıqdır. Onun sözlərinə görə, ötən il 55 hektara qədər sahədə kartof əkini aparıb. Hər hektar üzrə orta hesabla 50-60 ton məhsul əldə olunub. Cari ildə isə əkin sahəsini daha da genişləndirərək 75 hektara çatdırıb. Fermer qeyd edir ki, təsərrüfatında məhsulun saxlanması üçün 3 min ton tutumu olan soyuducu anbar, 300 tonluq saxlanc, 2 ədəd “New Holland” markalı traktor və 12 aqreqatı var. Anbarın olması məhsulu uzun müddət keyfiyyətini itirmədən saxlamağa və bazara mərhələli şəkildə çıxarmağa imkan verir. Məhsulun satışı həm daxili bazarda, həm də ölkənin müxtəlif bölgələrində həyata keçirilir. Əsasən, Bakı şəhərinə, eləcə də Bərdə və Cəlilabad rayonlarına kartof göndərilir. Paytaxtın müxtəlif bazarlarında və meyvə-tərəvəz satış məntəqələrində bu təsərrüfatın məhsullarına rast gəlmək mümkündür.

Fermer vurğulayır ki, kartofçuluqda uğurun əsas şərtlərindən biri düzgün, keyfiyyətli toxum seçimidir. Bundan əlavə, torpağın münbitliyi və növbəli əkin sistemi də mühüm rol oynayır.

Digər təsərrüfat adamı İlham Tağıyev isə deyir ki, ötən il 15 hektar sahədə əkin apardığı halda, bu il əkin sahəsini 25 hektara çatdırıb. Əsasən, kartof əkininə üstünlük verib. Əvvəlki illərdə müəyyən ərazidə soğan əksə də, bu il bütün sahələri kartof üçün ayırıb. Onun sözlərinə görə, kartofçuluqda əsas amil düzgün və vaxtında suvarmadır: “Əkin sahələri 3-5 gündən bir çiləmə üsulu ilə suvarılır. Məhsuldarlıq göstəricilərinə gəldikdə, ötən il hər hektardan, təxminən 70 ton məhsul əldə olunub. Bu il məhsuldarlığın daha yüksək olması gözlənilir. Dövlət dəstəyi də bu sahədə mühüm rol oynayır. Prezidentimizin Sərəncamının icrası yaxın gələcəkdə fermerlər üçün əlavə imkanlar yaradacaq”.

Muğancıq-Müslüm kənd sakini Hüseyn Cəfərov isə bildirir ki, təsərrüfatında, əsasən, kartof əkini aparır və bu sahədə kifayət qədər təcrübə toplayıb. Fermerin sözlərinə görə, ötən il 15 hektar sahədə əkin aparmışdısa, bu il əkin sahəsini 20 hektara çatdırıb. Təsərrüfatında istifadə olunan texnikaları lizinq yolu ilə əldə edib. Suvarma sistemi, traktorlar, kartof əkən və çıxaran avadanlıqlar, dərman səpən texnikalar təsərrüfatın uğur qazanmasında əsas amillərdir.

O, növbəli əkin sistemi tətbiq edir. Kartofdan sonra torpağı boş saxlamayan fermer burada lobya, bibər, kələm və digər tərəvəzlər yetişdirərək torpağın səmərəliliyini maksimuma çatdırır.

Şərurda aparılan müşahidələr göstərir ki, rayonun aqrar sektoru keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Subsidiyaların verilməsi, gübrə təminatı və müasir suvarma şəbəkəsinin qurulması fermerlərin öz güclərinə olan inamını artırır. 2026-2030-cu illəri əhatə edən dövlət proqramının tam icrası ilə Şərur, heç şübhəsiz, muxtar respublikanın və ölkəmizin aqrar təhlükəsizliyinə daha böyük töhfələr verəcək.

Müxbir- Nail Əsgərov

Seçilən
8
1
azertag.az

2Mənbələr