AZ

Aprel döyüşləri: Böyük Zəfərin baş məşqi

Bakı, 2 aprel, AZƏRTAC

Hərb tariximizin şanlı səhifələrindən biri olan Aprel döyüşlərinin 10-cu ildönümünü Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dövlət suverenliyinin tam bərqərar, keçmiş məcburi köçkünlərin dövlət hesabına tikilmiş müasir yaşayış məntəqələrindəki evlərə planlı şəkildə köçürüldüyü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elm, təhsil və mədəniyyətimizin bərpa olunduğu şəraitdə qeyd edirik. Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar ölkə tərəfindən 2016-cı ilin aprelin əvvəllərində törədilən təxribata silahlı qüvvələrimizin cavab verməsi nəticəsində 2000 hektara yaxın ərazimizin, o cümlədən strateji əhəmiyyət daşıyan Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsindən, arxadakı ərazilərin təhlükəsizliyinin təmin edilməsindən, təsərrüfat işləri üçün əlverişli şəraitin yaradılmasından 10 il keçir.

Bu fikirlər Milli Məclis Sədrinin müavini Musa Qasımlının AZƏRTAC-a təqdim etdiyi “Aprel döyüşləri: Böyük Zəfərin baş məşqi” adlı məqaləsində yer alıb. Məqalədə “Ötən illərin zirvəsindən Azərbaycanın qazandığı Aprel qələbəsini necə qiymətləndirmək olar?”, “Bu qələbənin hərbi-texniki, diplomatik-siyasi, mənəvi-psixoloji əhəmiyyəti və alınan dərslər nədən ibarətdir?” suallarına cavab verilib.

Aprel döyüşləri nəyi göstərdi?

Aprel döyüşləri təkcə hərbi-texniki deyil, eyni zamanda, diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyır. Bu qələbə ilə Azərbaycan dövləti münaqişənin dondurulmuş olmadığını, ərazilərinin işğal altında qalması faktı ilə barışmayacağını və bütün vasitələrlə azad edəcəyini, buna qüdrətinin olduğunu bütün dünyaya göstərdi. Bəyan etdi ki, hər an böyük hərbi əməliyyat başlaya bilər, bunun da bütün məsuliyyəti təcavüzkar ölkənin və münaqişənin həlli ilə məşğul olan dövlətlərin üzərinə düşər. Mövcud status-kvo dəyişdirilməli və işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmalıdır. Təcavüzkar Ermənistana qulaqburması verən və layiq olduğu yeri göstərən Azərbaycan dövləti dəfələrlə güclü olduğunu nümayiş etdirdi. İşğalçı ölkə ordusunun “məğlubedilməziliyi” haqqında uzun illər erməni cəmiyyətinə yalan təbliğat yolu ilə sırıdılmış uydurmalar Azərbaycan Ordusu tərəfindən qısa müddətdə “sabun köpüyünə” çevrildi. Qələbə Azərbaycan hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair Prezident İlham Əliyevin siyasətinin düzgünlüyünü göstərdi. Aprel qələbəsi Azərbaycan hərb sisteminin, hərbi kəşfiyyatının işğalçı ölkənin hərb sistemindən və kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan əsgər və zabitinin yüksək döyüş ruhunu və qəhrəmanlığını nümayiş etdirdi. Qələbə Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Azərbaycanın qələbəsi Ermənistanda ümumi böhranı daha da dərinləşdirdi. Korrupsiya bataqlığında düşmüş işğalçı ordunun rəhbərliyindən generallar və digər yüksək rütbəli zabitlər qovuldular. Qələbə cinayətkar Serj Sarkisyan rejiminin çöküşünə gətirdi. Erməni cəmiyyətinin mənəvi-psixoloji böhranı dərinləşdi. Ölkəni hakimiyyət əleyhinə mitinqlər bürüdü. Erməni əsgərinin anası oğlunun başqa ölkənin ərazisində nə üçün öldüyünü Sarkisyan rejimindən daha çox soruşmağa başladı. Aprel döyüşlərində qazanılan qələbə nəticəsində dövlətimizin beynəlxalq nüfuzu daha da artdı və mövqeləri gücləndi. Qələbə bir daha təsdiq etdi ki, diplomatiya gücə arxalanmalıdır. Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və xalqımızın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın qazandığı davamlı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi.

İbrət dərsləri

Aprel qələbəsi geriyə baxmağımıza və torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa vadar etdi. Əgər torpaqlarımız dövlətimiz zəif və daxildə qarışıqlıq, sabitsizlik olduğu illərdə işğal edilmişdisə, Aprel qələbəsi dövlətimiz güclü olanda qazanıldı. Deməli, Azərbaycanda xalq və hakimiyyət arasında sıx birlik, dövlətimiz güclü, qüdrətli dövlət rəhbəri olduqda istənilən problemi uğurla həll etmək mümkündür. Dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da gücləndirilməli, xalqımız daim öz dövlətinin yanında yer almalı, ölkədə sabit, davamlı inkişaf olmalıdır. Bu formul özünü 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı göstərdi. Aprel döyüşləri Azərbaycanın təcavüzkar Ermənistan, dünya erməniliyi və onların havadarları üzərində qazanılan Böyük Zəfərin baş məşqi oldu.

Aprel şəhidlərinin də ruhu şaddır

Vətən torpağı şəhid verilmədən azad olunmaz. Aprel döyüşlərində də şəhidlər verdik. Azərbaycan hərbçisi qəhrəmanlığı ilə nümunə göstərdi. Dövlət suverenliyimizin tam bərqərar edilməsi və separatizmin kökünün kəsilməsi ilə Aprel şəhidlərinin də ruhu şaddır.

Seçilən
11
1
azertag.az

2Mənbələr