AZ

İranlı hakerlər İsrailin HHM sisteminə daxil olduqlarını iddia edirlər

“Həndələ” qrupu İsrailin hava hücumundan müdafiə idarəetmə sistemlərinə aid məxfi məlumatları ələ keçirdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, İranla əlaqəli olduğu bildirilən “Həndələ” adlı haker qrupu İsrailin hava hücumundan müdafiə (HHM) sistemlərinin idarəetmə şəbəkəsinə sızdıqlarını iddia edib. ParsToday Agentliyinin yaydığı məlumata görə, qrup kibermüdaxilə nəticəsində PSK WIND Technologies şirkətinin serverlərinə daxil olaraq oradakı bütün həssas məlumatları əldə etdiyini bildirib.

Məlumata əsasən, PSK WIND Technologies İsrailin HHM sistemlərinin komanda və idarəetmə infrastrukturu, rabitə şəbəkələri və digər kritik müdafiə mexanizmlərinin əsas inkişaf etdiricilərindən biri hesab olunur. Haker qrupu şirkəti bu sahədə “beyin mərkəzi” kimi xarakterizə edib.

“Həndələ” qrupunun açıqlamasında qeyd olunur ki, əldə edilən məlumatlar arasında komanda idarəetmə mərkəzlərinə dair sənədlər, rabitə sistemləri ilə bağlı texniki məlumatlar və digər yüksək məxfilik dərəcəsinə malik fayllar yer alır. Onların iddiasına görə, bu məlumatlar artıq “müqavimət oxu”nun raket bölmələrinə ötürülüb.

Ekspertlər bu cür iddialara ehtiyatla yanaşmağın vacibliyini vurğulayırlar. Onların fikrincə, bu tip kibermüharibə bəyanatları tez-tez informasiya müharibəsinin bir hissəsi olur və müstəqil təsdiq olmadan onların doğruluğunu qiymətləndirmək çətindir.

Bununla belə, belə iddialar regionda kibertəhlükəsizlik risklərinin artdığını və müasir münaqişələrdə rəqəmsal hücumların getdikcə daha mühüm rol oynadığını bir daha göstərir.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr