AZ

“Cəmi 4 gün, amma tarix dəyişdi” – Aprel döyüşlərinin gizli mesajı- Millət vəkilindən ŞƏRH

2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycanın müasir hərb tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Cəmi bir neçə gün davam edən bu qarşıdurma həm cəbhədə, həm də siyasi müstəvidə mühüm dəyişikliklərə yol açdı. Aprel döyüşləri təkcə hərbi uğur deyil, həm də sonrakı böyük zəfərlərin başlanğıcı kimi tarixə düşdü.

Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a açıqlamasında bildirib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində ardıcıl təxribatlar törətdi:

“Cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı Azərbaycan Ordusu tarixi qələbə qazandı. Bu, Silahlı Qüvvələrimizin qələbə əzmini sübut etdi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt ərazi bütövlüyü və suverenliyimizi bərpa etməyə hazırdır. Qəhrəman hərbçilərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək iki min hektardan artıq ərazini işğaldan azad etdi. Dörd gün davam edən döyüşlərdə hərbi sahədə qazanılan uğurlar, azad olunan strateji yüksəkliklər Azərbaycanın mövqelərini daha da gücləndirdi.

Lələtəpədə Azərbaycan bayrağı ucaldıldı, Cocuq Mərcanlı “Böyük Qayıdış”ın başlanğıcı oldu. Bu, Ermənistanın hərbi-siyasi məğlubiyyəti idi. Aprel zəfərindən 2 il sonra 2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu Günnut əməliyyatı nəticəsində azad olundu. Elə həmin il, 2018-ci il iyunun 26-da Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bəyan etdi”.

K. Nurullayeva bildirib ki, aprel döyüşlərindən dərs çıxarmayan düşmən yenidən təxribatlara əl atırdı:

“Belə ki, 4 il sonra – 2020-ci ildə isə Tovuz istiqamətində düşmənin növbəti təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək işğalla barışmadığını sübut etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Böyük Zəfər qazandı, ərazi bütövlüyü təmin olundu. 23 saatlıq antiterror əməliyyatı nəticəsində isə Azərbaycan öz suverenliyini bərpa etdi.

Beləliklə, 10 il sonra Aprel döyüşlərinə baxdıqda aydın olur ki, bu hadisə Azərbaycanın hərbi tarixində dönüş nöqtəsidir. Aprel şəhidlərinin xatirəsi bu gün də ehtiramla yad olunur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr