AZ

"Güclü ölkələr sərbəst hərəkət edir" - ŞƏRH EDİLDİ

"Beynəlxalq münasibətlər sistemində beynəlxalq qurumların dövlətlərə təsir imkanları, əlbəttə ki, mövcuddur. Lakin bu təsirin səviyyəsi hər bir dövlətin gücündən və siyasi mövqeyindən birbaşa asılıdır".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Əgər dövlət güclüdür, öz milli maraqlarını qoruya bilir və beynəlxalq arenada sözünü deyə bilirsə, beynəlxalq təşkilatların həmin dövlətə təsir imkanları məhdudlaşır. Formal olaraq Birləşmiş Millətlər Təşkilatı kimi qurumlar beynəlxalq hüququn təminatçısı hesab olunsa da, praktikada bu hüququn icrası hər zaman mümkün olmur.

Bunun bariz nümunəsi kimi Azərbaycana qarşı qəbul edilmiş BMT qətnamələrini göstərmək olar. Uzun illər bu qətnamələr kağız üzərində qaldı və icra olunmadı. Bu isə göstərdi ki, beynəlxalq hüququn tətbiqi bəzən siyasi maraqlardan asılı vəziyyətə düşür.

Eyni vəziyyəti ATƏT-in Minsk qrupunun fəaliyyəti zamanı da müşahidə etmək mümkündür. İllərlə aparılan danışıqlara baxmayaraq, real nəticə əldə olunmadı və münaqişə həll olunmamış qaldı.

Azərbaycan öz gücünə arxalanaraq, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etdi. Bu da bir daha sübut etdi ki, beynəlxalq münasibətlərdə əsas amil dövlətin öz gücü, siyasi iradəsi və milli birliyidir.

Beləliklə, beynəlxalq qurumların qərarları müəyyən əhəmiyyət daşısa da, onların real təsir gücü dövlətlərin gücündən asılı olaraq dəyişir. Güclü dövlətlər beynəlxalq sistemdə daha sərbəst hərəkət edir və öz maraqlarını daha effektiv şəkildə təmin edə bilirlər".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
3
1
sia.az

2Mənbələr