AZ

Xalid Kərimli: Türkmənistan Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşdı

İqtisadiyyat Nazirliyində Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini ilə görüş keçirilib. Görüşdə iqtisadi əməkdaşlığın prioritetləri müzakirə olunub.

Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli QHT.az-a olan açıqlamasında bildirib ki, Türkmənistan Azərbaycan üçün həm coğrafi, həm də iqtisadi baxımdan mühüm tərəfdaş ölkələrdən biridir. Onun sözlərinə görə, iki ölkə arasında Xəzər dənizi vasitəsilə dəniz sərhədi mövcuddur və bu amil münasibətlərin strateji əhəmiyyətini artırır.

X.Kərimlinin sözlərinə görə, Türkmənistan Türk Dövlətləri Təşkilatı çərçivəsində tam hüquqlu üzv olmasa da, müşahidəçi statusunda təmsil olunur. İqtisadçı qeyd edib ki, ölkələr arasında tarixi bağlılıqlar və mədəni yaxınlıq da əməkdaşlıq üçün mühüm zəmin yaradır.

İqtisadçı vurğulayıb ki, Türkmənistan zəngin təbii qaz ehtiyatlarına malikdir və bu baxımdan dünyanın qabaqcıl ölkələri sırasında yer alır. O bildirib ki, ölkənin neft ehtiyatları da olsa da, əsas üstünlüyü qaz resurslarıdır. “Türkmənistan qaz ehtiyatlarına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir və bu resurslar ölkənin iqtisadi gücünün əsasını təşkil edir” – deyə Xalid Kərimli bildirib.

Xalid Kərimli bildirib ki, iki ölkə arasında uzun illər mübahisə mövzusu olan Kəpəz neft yatağı məsələsində artıq razılıq əldə olunub. Onun sözlərinə görə, bir neçə il əvvəl prezidentlər arasında aparılan danışıqlar nəticəsində məsələ həllini tapıb və yatağın bölüşdürülməsi ilə bağlı ortaq anlaşma formalaşıb.

İqtisadçı əlavə edib ki, Türkmənistanın iqtisadi göstəriciləri, xüsusilə adambaşına düşən ümumi daxili məhsul və orta əməkhaqqı səviyyəsi diqqətəlayiqdir. O hesab edir ki, bu ölkənin yaşayış səviyyəsi və resurs imkanları Azərbaycan üçün də yeni iqtisadi əməkdaşlıq imkanları yarada bilər. “Azərbaycan Türkmənistan vasitəsilə həm ixrac bazarını genişləndirə, həm də tranzit ölkə rolunu əhəmiyyətli dərəcədə artıra bilər” – deyə iqtisadçı vurğulayıb.

X.Kərimlinin sözlərinə görə, Türkmənistanın enerji resurslarının Azərbaycan ərazisi üzərindən dünya bazarına çıxarılması hər iki ölkə üçün faydalı ola bilər. Bununla yanaşı, Azərbaycan məhsullarının bu bazara ixracı da iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər.

Fatimə Nəbiyeva

Seçilən
49
qht.az

1Mənbələr