AZ

“Sonuncu qəlpə dəydi və…” - Aprel şəhidi Turanənin ürəkdağlayan HEKAYƏSİ

Tarixə Aprel müharibəsi kimi düşən o günlər bir tərəfdən qələbəmizin parlaq başlanğıcı kimi yadda qalsa da, digər tərəfdən mülki insanların taleyində silinməz izlər buraxdı. Həmin döyüşlərin ən kiçik mülki qurbanlarından biri cəmi 16 yaşlı Turanə idi.

2016-cı ilin Aprel döyüşləri zamanı düşmənin Tərtərin Həsənqaya kəndini atəşə tutması nəticəsində, 2000-ci il təvəllüdlü, Kəlbəcərdən məcburi köçkün olan Həsənli Turanə Kamandar qızı həyatını itirib. Onun ailəsi doğma Kəlbəcərin Təkəqaya kəndindən didərgin düşərək Tərtərdə məskunlaşmışdı və illərdir məcburi köçkün həyatı yaşayırdı. Turanənin yarımçıq qalan ömrü Aprel döyüşlərinin ən ağrılı səhifələrindən biri kimi yadda qaldı.

Moderator.az xəbər verir ki, Musavat.com Turanənin anası Laləzar Həsənova söhbətləşib və həmin gün yaşananları qələmə alıb:

- Laləzar xanım, hazırda harada yaşayırsınız? Kəlbəcərə köçənlər arasındasizin ailə də varmı?

- Xeyr, bizim ailə hələ köç etməyib. İndi Ağdərədə Ulu Qarabəy kəndində yaşayıram. Köçmək üçün müraciət etmişəm ki, şəhid ailəsi olaraq bizə də orada ev verilsin. Cavab verildi ki, həmişə nəzarətdəyik və biz də zamanla köçürüləcəyik.

- Aprel döyüşlərinin 10-cu ildönümüdür. Sizin övladınız da bu 4 günlük müharibə zamanı həlak oldu.

- Övladımı Bərdə rayonundakı məzarlıqda, Kürün qırağında dəfn etmişik. Mənim Turanə ilə birgə 7 övladım var idi. Turanə sonbeşiyimiz idi. Turanəni nəinki apreldə, hər an xatırlayıram. Sanki onu 10 il bundan öncə deyil, dünən itirmişəm. O gün bu gün kimidir. Həmin saatları, öldüyü anı heç unuda bilmirəm. Aprel döyüşlərinin sonuncu qəlpəsi Turanəyə dəydi. Ondan sonra saat 11-də atəşkəs elan edildi. Həmin anları xatırlayanda elə bilirəm indi olub.

Biz 30 il idi ki, Həsənqayada məskunlaşmışdıq. Bu illər ərzində nəinki 30, hətta 60-70 dəfə belə atışmalar olmuşdu. Artıq öyrəşmişdik, ancaq müharibənin nə olduğunu anlamırdım. Qızım öləndən sonra müharibənin nə olduğunu bildim. Ulu öndər Heydər Əliyev bizə çox ümid vermişdi, deyirdi ki, siz arxa cəbhəsiniz. Biz də ona söz vermişdik, buna görə də atışmalar vaxtı evimizdən çıxmağı ağlımıza gətirmirdik. Ancaq bilməzdim ki, mərmi gəlib evimin qabağına düşəcək və uşağıma dəyəcək. Həmin gün Turanəni Aşağı Tərtərə göndərmişdim. Özüm isə həyətdə mal-heyvanın yemin verirdim.

Onun geri qayıtdığını görəndə təəccübləndim ki, bu uşaq niyə qayıtdı. Qardaşına demişdim ki, onu aparsın, birdən atarlar, evdə olmasın. Dedim, ay Turanə, nə yaxşı gəldin? Dedi, ana, səninlə ölməyə gəlmişəm. Ardınca çay dəmlədik ki, səhər yeməyi yeyək. Bu vaxt hərbi maşın gəlib qonşuluqda yaşayan bacımın evinin qarşısında saxladı. Küçəyə çıxıb dedim, sən Allah, orada saxlama, izləyirlər, ermənilər bu dəqiqə bizi vuracaq. Elə bu an ermənilər dayanmadan atmağa başladılar. Baldızımın oğluna dedim ki, burada durma, qaç. Elə bu an bizim həyəti vurdular. Geri boylandım ki, qızım yerdə uzanıb. Sən demə, arxamca gəlirmiş. Yeznəmlə Turanənin cansız bədənini götürüb xəstəxanaya getdik. Ancaq övladım elə yerindəcə keçinmişdi. Mərmi sağ tərəfdən sinəsindən girib, qarın boşluğundan çıxmışdı. Yoldaşım bu itkiyə dözmədi, iki aydan sonra vəfat etdi.

- Turanənin hansı arzusu, hansı istəyi var idi?

- Orta məktəbi bitirib, ali məktəbə qəbul olunmaq istəyirdi... Vətən müharibəsində isə bacımın oğlu şəhid oldu. Bu illər bizim üçün çox ağır keçib. Oğlumun biri də hərbçidir, o da 44 günlük müharibədə döyüşürdü.

- Kəlbəcərdən məcburi köçkün kimi gələndə 30-a yaxın yaşınız olardı. İndi isə 64 yaşındasınız.

- Kəlbəcər azad olunan gün səhərə qədər oyaq qaldıq. Vətəni yada saldıq.

- Oğlunuzun biri isə minaya düşmüşdü, o necədir?

- Oğlum Azadın ayağına iki dəfə protez qoydular. İndi o da köhnəlib, 3-cü protezi qoydurmaq istəyirik.

- Kəlbəcəri gedib gəzə bilmirsinizmi?

- Yox, Qozlukörpüyə qədər getmişik, ondan o tərəfə keçməmişik.

Seçilən
2
2
moderator.az

3Mənbələr