AZ

Həkim məsləhəti” rubrikasında

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında “Kosmetik prosedurların oftalmoloji riskləri” mövzusunda ətraflı məlumat verib.

Bir çox qadın yaşından asılı olmayaraq müxtəlif kosmetoloji prosedurlara müraciət edir. Bu prosedurların növləri və məqsədləri müxtəlif olsa da, bəzi hallarda göz sağlamlığına müəyyən təsirlər göstərə bilər.

Gözə təsir göstərə bilən kosmetoloji prosedurlara aşağıdakılar daxildir:

• Göz ətrafı əzələlərə tətbiq olunan botulotoksin inyeksiyaları (botoks);

• Dolğular (fillər);

• Dərinin cavanlaşdırılması məqsədilə tətbiq olunan inyeksiya prosedurları və mezoterapiya;

• Müəyyən dalğa uzunluğuna malik cavanlaşdırıcı lazer prosedurları;

• Göz ətrafı və qaşaltı nahiyədə tüklərin lazer epilyasiyası;

• Kiprik laminasiyası və kiprik qaynağı;

• Kiprik diblərinə tətbiq olunan tatu prosedurları;

• Göz qapaqlarının sallanmasının cərrahi müalicəsi (blefaroplastika);

• Üzün cərrahi gərilməsi və digər plastik əməliyyatlar.

Bu prosedurların hər biri gözə fərqli təsir göstərə bilər. Təsirlər bəzən yüngül qıcıqlanmadan başlayaraq daha ciddi zədələnmələrə qədər dəyişə bilər.

Məsələn, kiprik qaynağı prosedurundan sonra bəzi hallarda allergik reaksiyalar müşahidə edilir. Bu zaman blefarit, konyunktivit və göz quruluğu kimi problemlərlə qarşılaşmaq mümkündür.

Kiprik diblərinə tatu tətbiqindən sonra isə ödem və iltihabi reaksiyalar yarana bilər. Bu vəziyyət blefarit kimi iltihabi proseslərin inkişafına səbəb ola bilər. Bundan əlavə, gözün ön səthini nəmləndirən əsas komponentləri ifraz edən meybom vəzilərinin funksiyası pozula bilər. Bu vəzilərin mikroskopik anatomik və fizioloji quruluşunda dəyişikliklər baş verdikdə isə quru göz sindromu inkişaf edə bilər.

Qaş nahiyəsinin epilyasiyası zamanı da bəzən lokal qızarıqlıq, ödem və quruluq kimi simptomlar ortaya çıxır. Əgər prosedur zamanı qoruyucu eynəklərdən istifadə edilməzsə, lazer şüalarının təsadüfən gözə düşməsi mümkündür. Bu halda ən yüngül ağırlaşma kimi konyunktivanın termiki yanığı və buynuz qişanın zədələnməsi (keratit) baş verə bilər. Daha ağır hallarda isə nadir rast gəlinsə də, katarakta və tor qişanın yanığı və ya zədələnməsi kimi problemlər yarana bilər.

Təcrübədə bəzən görmənin əsas mərkəzi hesab olunan sarı ləkənin (makulanın) zədələnməsi halları da müşahidə edilir. Bu zaman görmə sahəsinin mərkəzində bərpa olunmayan və “ləkə” kimi görünən görmə defekti yarana bilər.

Blefaroplastika əməliyyatından sonra göz qapaqlarının anatomik və fizioloji nisbəti düzgün bərpa olunmadıqda və ya qapaqlar tam bağlanmadıqda gözün ön səthi quruyur. Bu da konyunktivit və keratit kimi müalicə tələb edən problemlərə səbəb ola bilər. Lakin əksər hallarda əməliyyatdan sonrakı erkən dövrdə aparılan müalicə ilə bu ağırlaşmaların qarşısını almaq mümkündür.

Botoks inyeksiyalarından sonra da bəzən lokal dəri ödemi, iltihabi və ya allergik reaksiyalar müşahidə olunur. Dəridə qızartı, infeksiyalaşma və səpgilər yarana bilər. Bəzi hallarda isə qapaq sallanması (ptoz) və ya göz qapaqlarının tam bağlanmaması kimi vəziyyətlər meydana çıxır ki, bu da göz quruluğuna səbəb olur. Uzun müddət davam edən quruluq isə gözdə qızartı və sulanma ilə müşayiət oluna bilər.

Bu səbəbdən kosmetoloji prosedurlardan əvvəl gözün ön səthinin oftalmoloji müayinədən keçirilməsi, lazım gəldikdə profilaktik müalicənin aparılması və prosedurdan sonra yaranan hər hansı ağırlaşma zamanı dərhal həkimə müraciət olunması göz sağlamlığının və görmənin qorunması baxımından böyük əhəmiyyət daşıyır.Həkim məsləhəti” rubrikasında

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
sia.az

2Mənbələr