AZ

2 il öncə yanğın olan İbrahimovlar ailəsinə məsus şirkətin büdcəyə borcu 300 min manatı ötüb

"Bakı Ağac Emalı" ASC-nin dövlət büdcəsinə külli miqdarda borcu yaranıb.

 

Pravda.az-ın "PostMedia"ya istinadən məlumatına görə, bu borcun məbləği 313 286,37 manatdır.

 

Xatırladaq ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğın olub. Sözügedən yanğına görə "Bakı Ağac Emalı" ASC-yə sahibi Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayev həbs edilib.

 

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır.

 

ASC-nin ilk qanuni təmsilçisi isə İbrahimov Həmid Kazım oğlu olub. Həmid İbrahimov da Nazim İbrahimovun yaxın qohumudur.

 

Qeyd edək ki, sözügedən ASC illər əvvəl "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

2025-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, Tağı İbrahimov və Toğrul Rzayev – hər ikisi 6 il azadlıqdan məhrum edilib.

Tarix: 2 Aprel 2026, 15:35   
Seçilən
11
pravda.az

1Mənbələr