Azərbaycanda mütəmadi olaraq aktuallaşan dəm qazı təhlükəsi yenə gündəmdədir. Rəsmi və yarı-rəsmi statistikalar göstərir ki, bu problem illərdir davam etsə də, hələ də tam nəzarət altına alına bilməyib. Son illərin məlumatlarına əsasən, ölkədə hər il yüzlərlə insan dəm qazından zəhərlənir, onlarla insan isə həyatını itirir.
Musavat.com xəbər verir ki, 2025-ci il üzrə tam yekun statistika hələ açıqlanmasa da, mövcud məlumatlar problemin davam etdiyini təsdiqləyir. Təkcə tibb müəssisələrindən birinin açıqlamasına görə, il ərzində onlarla insan dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeyri-rəsmi məlumatlarda isə daha yüksək rəqəmlər qeyd olunur.

2026-cı ilin ilk ayı da istisna olmayıb. Yanvarda artıq 20-dən çox insanın dəm qazından zəhərləndiyi bildirilir. Bu isə göstərir ki, problem mövsümi xarakter daşısa da, hər il eyni risklər təkrarlanır.
Ötən gün isə Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Azyaşlıların vəziyyəti ilə bağlı Sumqayıt Tibb Mərkəzindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub:
Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub. Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".
Mütəxəssislər bildirirlər ki, zəhərlənmələrin əsas səbəbləri qaz cihazlarından düzgün istifadə olunmaması, baca və tüstü yollarının vaxtında təmizlənməməsi, eləcə də mənzillərdə ventilyasiya sisteminin zəif olmasıdır. Xüsusilə köhnə tikililərdə və qeyri-standart qızdırıcı cihazlardan istifadə edilən evlərdə risk daha yüksək olur. Həkimlər xəbərdarlıq edir ki, dəm qazı rəngsiz və qoxusuz olduğu üçün onu hiss etmək mümkün deyil və zəhərlənmə çox vaxt qəfil baş verir. Bu səbəbdən vətəndaşlar qaz avadanlıqlarına mütəmadi texniki baxış keçirməli, bacaların təmizliyinə nəzarət etməli və qapalı mühitdə qaz cihazlarından istifadəyə diqqət etməlidirlər.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, əhali arasında, KİV-lərdə mütəmadi olaraq bununla bağlı təbliğat aparılır: "Fövqəladə hallarla bağlı davranış qaydalarında dəm qazı təhlükəsindən qorumağın qaydaları göstərilir. Bunlar qaz cihazı saz və standartlara uyğun olmalı; cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Yadda saxlamaq lazımdır ki, dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətləri isə baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqdır. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır".
Afaq Mirayiq,
Musavat.com