AZ

Yağışın bazara ŞOK TƏSİRİ

Ötən həftə paytaxt Bakı güclü və aramsız yağıntıların təsiri altına düşdü. 

İki gün fasiləsiz yağan yağış kənd təsərrüfatı üçün risk sayılır. Çünki həddindən artıq yağıntı əkin sahələrinin su altında qalmasına, məhsul itkisinə, torpaq strukturunun pozulmasına və xəstəliklərin yayılmasına səbəb ola bilər. Xüsusən də açıq sahədə yetişdirilən meyvə-tərəvəzlər üçün bu cür hava şəraiti risklidir. Maraq doğuran əsas məsələlərdən biri də bu vəziyyətin bazara mümkün təsiridir. 

Əgər yağıntılar nəticəsində məhsuldarlıqda azalma baş verərsə, bu, bazarda müəyyən məhsullar üzrə təklifin müvəqqəti azalmasına, dolayısı ilə qiymət artımına gətirib çıxara bilərmi? 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, aramsız və intensiv yağıntılar kənd təsərrüfatına qısa müddətdə ciddi təsir göstərə bilər: 

395669

“Xüsusilə açıq sahələrdə becərilən tərəvəz, meyvə və taxıl məhsulları artıq su səbəbindən zədələnə, çürüyə və ya məhsuldarlığını itirə bilər. Torpağın həddindən artıq islanması bitkilərin kök sisteminə zərər verir, bəzi hallarda isə sahələrə texnikanın daxil olmasını çətinləşdirir və aqrotexniki qulluq prosesini gecikdirir. Bu cür hava şəraiti eyni zamanda logistika və daşınma zəncirinə də təsir edir. Yolların palçıq olması, sel və ya lokal daşqınlar məhsulların bazarlara vaxtında çatdırılmasını ləngidə bilər. Nəticədə, bazara çıxarılan məhsulun həcmi müvəqqəti olaraq azalır”.

Ekspert qeyd edib ki, təklifin azalması isə adətən qiymət artımına səbəb olur:

“Xüsusilə tez xarab olan məhsullarda - pomidor, xiyar, göyərti kimi gündəlik tələbat mallarında bu təsir daha tez hiss olunur. Bazarda qısamüddətli qıtlıq görüntüsü yarana bilər, amma bu, adətən uzunmüddətli olmur. Əgər yağışlar qısamüddətli olub dayanarsa, vəziyyət tezliklə sabitləşir. Fermerlər alternativ sahələrdən məhsul çıxara bilir və bazar tədricən bərpa olunur”.

Mütəxəssis fikirlərini belə yekunlaşdırıb:

“Lakin yağıntılar uzun müddət davam edərsə və ya təkrar olunarsa, bu zaman zərər daha böyük olur və qiymətlərdə artım daha uzun müddət davam edə bilər. Ümumilikdə, belə hava hadisələri bazarda daha çox qısamüddətli dalğalanma yaradır. Uzunmüddətli qıtlıq isə adətən yalnız geniş miqyaslı və davamlı iqlim problemləri zamanı baş verir”.

Günel Cəlilova

Seçilən
1
hit.az

1Mənbələr