AZ

Köç karvanı Kəlbəcər şəhərinə çatıb YENİLƏNİB/VİDEO

Bu köçün məhz aprelin 2-nə təsadüf etməsi rəmzi məna daşıyır. Belə ki, 33 il əvvəl - 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. Onilliklər boyu kəlbəcərlilərin yaddaşında ağrı və ayrılıq günü kimi qalan bu tarix artıq dövlətimizin qüdrəti sayəsində dirçəliş və doğma yurda qovuşma günü kimi yenidən yazılır. 33 il əvvəl məhz bu gün yurdlarından didərgin düşən sakinlər, indi elə həmin təqvim günündə Kəlbəcərə sevinc və qürur hissi ilə qayıdırlar.

Köçlə gələn ailələri Kəlbəcər şəhərindəki I yaşayış məhəlləsində əlində bayraq tutmuş məktəblilər qarşılayıb, Dövlət Himnini ifa ediblər.

Kəlbəcər şəhərinin I yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıblar.

Sonra ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr sevinc hissi ilə yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik və yüksəksürətli internetlə təmin edilib.

Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə, 162 ailənin (680 nəfər) qayıdışı təmin olunub.



13:54
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç olub.
Köç karvanı Tərtər şəhərindən yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla azad edilən ərazilərdə (1 şəhər, 10 rayonun 41 yaşayış məntəqəsində) 7 840 ailə (31 505 nəfər) məskunlaşmış olacaq.

Qalereya


Seçilən
16
3
azvision.az

10Mənbələr