AZ

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı bir tərəfdən elmi nailiyyət olması ilə yanaşı, digər tərəfdən də elmi fəaliyyəti məhdudlaşdıra, daha doğrusu saxtakarlığa yol aça bilər.  Bu baxımdan, süni intellektin dissertasiya və monoqrafiya kimi elmi işlərin yazılmasında rolu getdikcə daha çox müzakirə mövzusu olur.Müəlliflik hüququ, plagiat riski və elmi araşdırmaların orijinallığı kimi problemlərin  mövcudluğu bu sahədə düzgün tətbiq mexanizmini tələb edir. Diqqətə çatdıraq ki, Vikipediya artıq aprel ayından etibarən süni intellektlə yazılmış mətnləri qəbul etməyəcək, yalnız cüzi redaktəli yazılara icazə veriləcək.Bəs Azərbaycanda bu mexanizm necə işləyir?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən akademik Nizami Cəfərov bildirdi ki, bu, nə qədər texniki də olsa, verdiyi məhsul kifayət qədər məzmunlu olduğu üçün onu tam qadağan eləmək mümkün olmayacaq.“Süni intellektin hazırladığı mətnlər bəzən ayrı-ayrı mütəxəssislərin hazırladığından daha obyektiv olur. Çünki mütəxəssislər bu və ya digər şəxsin və ya hadisənin təhlilində özünəməxsus subyektiv mövqe tuta bilir. Amma süni intellekt bütün mövcud məlumatları toplaya və kifayət qədər də obyektiv təqdim edə bilir. Vikipedia kimi platformalarda süni intellektin iştirakına məhdudiyyət qoyulsa belə, bu texnologiya artıq bir nailiyyət, bir metod və mühüm bir resurs kimi formalaşıb”.N.Cəfərov vurğuladı ki, məqalə, monoqrafiya və dissertasiyaların yazılması prosesi genişləndikcə bu sahədə həm yeni imkanlar yarandı, həm də müəyyən problemlər ortaya çıxdı:“Ümumi elmi prosesdə insan amili əvvəlki qədər həlledici rol oynamaya bilər. Çünki elm bütövlükdə fərdi yanaşmalardan daha çox ümumiləşmiş biliklər üzərində qurulur. Zaman keçdikcə adlar qalır, amma elmi mülahizələr ümumiləşir və vahid bilik sisteminə çevrilir. Bu mənada elm heç nə itirmir. Lakin itirilə biləcək məqamlar da var.Əsas risk ondan ibarətdir ki, gələcəkdə kimsə süni intellektin imkanlarından istifadə edərək asanlıqla elmi iş hazırlayıb elmi dərəcə və nüfuz qazanmağa çalışa bilər. İstənilən halda dissertasiya yalnız yazılmaqla kifayətlənmir, o, elmi ictimaiyyət qarşısında müdafiə olunmalıdır.

Bu prosesdə namizədin bilik səviyyəsi, düşüncə tərzi və mövzunu mənimsəmə dərəcəsi açıq şəkildə üzə çıxır.Süni intellekt mətn hazırlaya bilər, lakin o, insanın yerinə elmi müzakirə aparmaq, suallara cavab vermək və müstəqil düşüncəni nümayiş etdirmək imkanına malik deyil.

Bu baxımdan, süni intellekt öz funksiyasını yerinə yetirməli, alimlər isə öz məsuliyyətlərini qoruyub saxlamalıdırlar. Bu iki sahə bir-birini əvəz etməməli, əksinə, düzgün balans şəklində inkişaf etməlidir.”Akademik hesab edir ki, elmi institutları, müdafiə şuralarını və Ali Attestasiya Komissiyası bu məsələdə nəzarəti daha da artmalıdır.Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
bizim.media

2Mənbələr