AZ

Anım günləri məktəblərdə hansı formada və formatda yad edilməlidir? Təhsil eksperti, publisist Şəmsi Qocadan açıqlama

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Anım günləri təkcə təqvimdə qeyd olunan tarixlər deyil, eyni zamanda şagirdlərə tariximizi, dəyərlərimizi və milli kimliyimizi hiss etdirmək üçün mühüm fürsətdir. Sinifdə bu günlərin necə yad edilməsi isə onların şagirdlərin yaddaşında necə qalacağını müəyyən edir.Anım günləri məktəblərdə hansı formada və formatda yad edilməlidir? Şeir əzbərlətmək şagirdə vətənpərvərlik duyğusu formaşdırmaqla bu funksiyanı yerinə yetirirmi? Bunun üçün müəllim nə etməlidir ki, uşaqlara həmin gün daha yaxşı aşılansın və yuxarı sinfə qalxdıqca onlar özləri bu barədə danışsın?

Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, anım günləri millətin kədərini qürura, keçmişini isə gələcəyə bağlayan mənəvi körpüdür: “Məktəb mühitində bu günlərin yad edilməsi sadəcə bir tədbir yox, ruhun tərbiyəsi prosesidir. Şagirdlərin qəlbinə toxunmaq üçün rəsmiyyətdən uzaq, səmimi və düşündürücü metodlara ehtiyac var.

Şeir əzbərlətmək məsələsinə gəldikdə, bu, vərdiş halına gəlmiş klassik bir yanaşmadır. Bəli, gözəl bir şeir emosional təsir yarada bilər, lakin şagird onu sadəcə "qiymət almaq" və ya "müəllimin tapşırığını yerinə yetirmək" üçün ruhsuz şəkildə əzbərləyirsə, bu, vətənpərvərlik yox, sadəcə yaddaş məşqi olur. Vətənpərvərlik mexaniki deyil, şüurlu bir duyğudur. Uşaq mətni əzbərləməməli, o ağrının və zəfərin səbəbini hiss etməlidir. Şeir bir vasitə olmalıdır, məqsəd yox.

Müəllim anım gününü şagirdlərin yaddaşına həkk etmək üçün mühazirə formatından qaçmalıdır. İlk növbədə, "Niyə?" sualına cavab tapılmalıdır. Şagird anlamalıdır ki, biz niyə kədərlənirik və ya niyə fəxr edirik. Bunun üçün hadisələri quru rəqəmlərlə yox, insan taleləri ilə izah etmək daha effektivdir. Məsələn, bir qəhrəmanın uşaqlıq arzularından, onun da bir zamanlar həmin partada oturduğundan danışmaq şagirdlə o qəhrəman arasında görünməz bir bağ qurur. Onlar özlərini o tarixin bir parçası kimi görməyə başlayırlar.

Sinifdə müzakirə mühiti yaratmaq çox vacibdir. Müəllim danışmaqdan çox sual verməlidir: "Sizcə, bu fədakarlıq bizə nə qazandırdı?", "Biz bu gün onlar üçün nə edə bilərik?". Şagird öz fikrini ifadə etdikcə, o hadisəni mənimsəyir. Yaradıcı yanaşmalar da mühüm rol oynayır. Məsələn, şagirdlərə həmin günün mahiyyətini əks etdirən rəsmlər çəkdirmək, kiçik esselər yazdırmaq və ya o dövrü əks etdirən sənədli xronikaları birlikdə izləyib təhlil etmək yaddaşda daha dərin iz qoyur”.

Şəmsi Qoca vurğulayıb ki, aşağı siniflərdə onlara yalnız kədər aşılanarsa, uşaq psixologiyası buna qapana bilər: “Yuxarı siniflərə keçdikdə şagirdlərin bu barədə sərbəst danışması üçün onlarda "tarixi varislik" hissi formalaşdırılmalıdır. Əgər aşağı siniflərdə onlara yalnız kədər aşılanarsa, uşaq psixologiyası buna qapana bilər. Lakin kədərin içindəki gücü, məğlubiyyətin zəfərə necə çevrildiyini və milli kimliyin qorunmasının vacibliyini fəlsəfi şəkildə anlatsaq, onlar artıq hazır mətni təkrarlayan yox, hadisələrə öz münasibəti olan fərdlərə çevriləcəklər.

Müəllimin ən böyük missiyası anım gününü təqvimin bir səhifəsi olmaqdan çıxarıb, onu yaşayan bir dəyərə çevirməkdir. Sinifdə bir küncdə yandırılan şam, gətirilən bir qərənfil və ya bir dəqiqəlik sükutun mahiyyətini dərindən izah edən bir müəllim, şagirdin qəlbində heç vaxt sönməyən bir vətən sevgisi məşəli yandıra bilər. Anım günləri bizə kim olduğumuzu xatırladan güzgüdür; müəllim isə o güzgünü uşaqlara düzgün tutan bələdçidir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
50
bizimyol.info

10Mənbələr