ain.az, Sia Az saytına istinadən bildirir.
İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etməsi ilə bağlı müzakirələr qlobal ticarət və enerji bazarlarında yeni riskləri gündəmə gətirib. Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan bu boğazda yaranan istənilən gərginlik neft qiymətlərindən tutmuş logistika xərclərinə qədər geniş zəncirvari təsirlər yaradır. Bu isə xüsusilə idxaldan asılı ölkələr üçün əlavə inflyasiya təzyiqləri deməkdir. Bəs, İranın bu addımı Azərbaycan daxil olmaqla region ölkələrində məhsul qiymətlərinin artmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, İranın Hörmüz boğazı üzərindən keçən gəmilərdən rüsum tələb etməsi ilə bağlı müzakirələr qlobal ticarət və enerji bazarlarında yeni risklərin formalaşdığını göstərir:
"Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan bu boğazda baş verə biləcək hər hansı dəyişiklik neft qiymətlərinə, daşınma xərclərinə və nəticə etibarilə qlobal inflyasiya dinamikasına birbaşa təsir potensialına malikdir. Mövcud şəraitdə belə bir addımın reallaşması beynəlxalq bazarlarda enerji daşıyıcılarının qiymətinin artmasına, logistika xərclərinin yüksəlməsinə və sığorta risklərinin genişlənməsinə səbəb ola bilər. Bu isə xüsusilə idxaldan asılı ölkələr üçün əlavə inflyasiya təzyiqləri yaradır.
Azərbaycan iqtisadiyyatı birbaşa bu marşrutdan asılı olmasa da, qlobal qiymət zənciri vasitəsilə dolayı təsirlərə məruz qala bilər. Neft qiymətlərində mümkün artım daxili yanacaq bazarına təzyiq göstərə, bu isə öz növbəsində nəqliyyat və logistika xərclərinin yüksəlməsi ilə nəticələnə bilər. Paralel olaraq idxal olunan məhsulların maya dəyərinin artması istehlak bazarında qiymətlərin yüksəlməsi riskini artırır. Bununla yanaşı, Azərbaycanın enerji ixracatçısı olması müəyyən balanslaşdırıcı rol oynayır. Qlobal enerji qiymətlərinin yüksəlməsi ölkənin ixrac gəlirlərini artıra və fiskal dayanıqlılığı gücləndirə bilər. Eyni zamanda, dövlətin tənzimləyici mexanizmləri qısamüddətli qiymət şoklarının təsirini məhdudlaşdırmaq imkanına malikdir.Zənnimcə, İranın bu istiqamətdə atacağı addımların real təsiri onların miqyasından və davamlılığından asılı olacaq. Lakin mövcud müzakirələr belə qlobal iqtisadi sistemin həssas nöqtələrindən biri olan enerji nəqli marşrutlarının nə qədər strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.