Oxu.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın blokadaya aldığı Hörmüz boğazına ölkəsinin yox, digər dövlətlərin ehtiyacı var. O qeyd edib ki, Qərb ölkələri və Çin ya Hörmüzün açılmasını təmin etməli, ya da ABŞ-dən neft və neft məhsulları almalıdırlar.
Görəsən, bu açıqlamalar fonunda Qərb və Çinin addımları nədən ibarət olmalıdır?
Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Trampın Hörmüz boğazının bağlı qalması ilə bağlı açıqlaması taktiki mesaj xarakteri daşıyır.
O qeyd edib ki, Ağ Ev liderinin bu cür ritorikası bir neçə məqsədi özündə ehtiva edir:

"Neft bazarlarında strateji üstünlük yaratmaq, Avropa və Çin kimi böyük enerji idxalçılarını ABŞ neftindən asılı vəziyyətə salmaq, İrana qarşı diplomatik təzyiqi artırmaq, nəhayət, Körfəz ölkələrini Hörmüz boğazının açılması üçün ABŞ ilə birgə hərbi əməliyyatlara təşviq etmək bu qəbildəndir. Görünən motiv "boğazın təhlükəsizliyi" olsa da, əslində, məsələ enerji və geosiyasi təzyiq üzərində qurulub.
Hörmüz boğazının bağlı qalması ehtimalının pərdəarxasında İranla müzakirəsi isə hazırkı mərhələdə real hesab olunmur. Amma belə müzakirələrdə Tehran boğazın açılmasını ticarət qarşılığında diplomatik güzəştlərlə əlaqələndirə bilər. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional nüfuz baxımından İrana əlavə üstünlüklər qazandıracaq.
Qərb və Çinə gəldikdə isə Hörmüzün bağlı qalması real təhlükəyə çevrilərsə, Avropa və Çin yeni strategiya qurmaq məcburiyyətində qalacaqlar. Hazırda Çin tankerlərinin Hörmüzdən keçidində ciddi problem olmasa da, Körfəz ölkələrinin Çinə neft təminatında müəyyən çətinliklər mövcuddur".
Politoloq əlavə edib ki, Hörmüzün bağlı qalması neft qiymətlərinə təsir göstərir ki, bu da Çinin maraqlarına uyğun deyil:
"Ona görə də Çinin bu istiqamətdə müvafiq addımlar atması vacibdir. Bunlardan biri alternativ enerji marşrutlarının sürətləndirilməsidir. Avropa Cənub Qaz Dəhlizi və digər neft-qaz xətlərinə yönələ, Çin isə Orta Asiya və Rusiya ilə enerji əməkdaşlığını gücləndirə bilər. Bu, xüsusilə uzunmüddətli perspektivdə Hörmüz boğazından asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, diplomatik təzyiq və manevr imkanlarından istifadə də mümkündür. Qərb ölkələri və Çin iqtisadi paketlər və enerji ticarəti vasitəsilə Tehranla dialoq qura bilərlər. Trampın açıqlaması göstərir ki, Ağ Ev enerji bazarları vasitəsilə strateji üstünlüyünü qorumağa çalışır. Yəni ABŞ Hörmüzün bağlı qalması halında ondan qlobal enerji bazarında geosiyasi alət kimi istifadə edə bilər. Bu səbəbdən Avropa və Çin üçün əsas prioritetlər Hörmüzdən asılılığı azaltmaq, alternativ enerji marşrutlarını inkişaf etdirmək və diplomatik manevr imkanlarını qorumaq olmalıdır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.