AZ

Azərbaycanda Vahid İstintaq Komitəsi-niyə cəmi üç qurum?

Birləşmiş istintaq qurumuna Baş Prokurorluq nəzarət edəcək-deputat və hüquqşünasın rəyi

Azərbaycanda hüquq-mühafizə sistemində köklü dəyişikliklərə hazırlıq gedir. Söhbət ölkədə istintaq aparmaq səlahiyyəti olan bir neçə dövlət qurumunun birləşdirilməsindən gedir. Bu gün Azərbaycanda istintaq aparmaq səlahiyyəti bir neçə dövlət qurumuna həvalə olunub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərkibində ayrıca istintaq və ya ibtidai araşdırma aparan strukturlar fəaliyyət göstərir. Bundan başqa, bəzi xüsusi sahələr üzrə Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi daxilində də araşdırma səlahiyyətləri mövcuddur. Dövlət İstintaq Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti istisna olmaqla digər qurumların istintaq strukturlarını özündə birləşdirəcək. Bu isə xüsusilə iqtisadi və vəzifə cinayətləri, maliyyə pozuntuları və digər kateqoriyalar üzrə araşdırmaların vahid mexanizm əsasında aparılmasına imkan verəcək.
Məlumata görə, yeni model istintaq prosesində operativliyi artırmaq, resurslardan daha səmərəli istifadəni təmin etmək və hüquqi prosedurları standartlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, istintaq orqanlarının institusional müstəqilliyinin gücləndirilməsi də əsas hədəflərdən biri kimi göstərilir. Daha bir iddiaya görə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrindən gedir. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin nəzdindəki istintaq idarələri isə əvvəlki kimi ayrıca fəaliyyətini davam etdirəcək. Birləşmiş istintaq qurumuna da Baş Prokurorluq nəzarət edəcək.
Söyüdlü

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a bildirib ki, Azərbaycanda gözlənilən dəyişikliklər istintaq orqanlarının fəaliyyətində mərkəzləşməyə yönəlib. Yeni modelin maraqlı tərəfi odur ki, yalnız üç qurum birləşdirilir. Bu seçimin arxasında həm funksional, həm də strateji səbəblər dayanır. Bu qurumlar əsasən iqtisadi və vəzifə cinayətləri, maliyyə pozuntuları və xüsusi kateqoriyalar üzrə araşdırmalar aparır. Onların birləşdirilməsi istintaqın vahid mexanizm əsasında aparılmasına imkan verəcək, resurslardan səmərəli istifadəni təmin edəcək və istintaq prosedurlarını standartlaşdıracaq. Digər tərəfdən, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti öz müstəqilliyini saxlayır. Bu qərar həm strateji, həm siyasi, həm də institusional səbəblərlə bağlıdır. Çünki bu qurumlar dövlət üçün kritik əhəmiyyət daşıyır və onların istintaq fəaliyyətinə birbaşa müdaxilə potensial risklər yarada bilər.
Arzu Nağıyev yeni modelin əsas məqsədlərinə də toxunub: “Əsasən operativliyi artacaq. İstintaq proseslərinin vahid standartlar əsasında aparılması ilə araşdırmaların sürəti və dəqiqliyi yüksələcək. Birləşdirilmiş qurumlar eyni kateqoriya üzrə işləri təkrar etməyəcək, mövcud insan və maddi resurslardan daha optimal istifadə olunacaq. Vahid institut vahidi olaraq, araşdırmaların metodikası və hüquqi baxışı da uyğun olunacaq”.

BankTanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a bildirib ki, Azərbaycanda istintaq fəaliyyəti hazırda çoxmərkəzli və parçalanmış sistemdədir. Bu, həm peşəkarlıq, həm də obyektivlik baxımından ciddi çatışmazlıqlara yol açır. Əkrəm Həsənov deyib ki, hazırda müxtəlif dövlət qurumlarında – məsələn, Vergi Xidməti, Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və s. – ayrı-ayrı istintaq idarələri fəaliyyət göstərir. Bu, resursların bölünməsinə və peşəkarlığın parçalanmasına səbəb olur: “Vahid istintaq orqanı yaradıldıqda isə bütün işləri aparacaq mütəxəssislər bir yerdə toplanacaq. Bu, bilik və təcrübənin mərkəzləşdirilməsi və istintaq keyfiyyətinin yüksəlməsi deməkdir. Hazırda vergi və gömrük orqanları vətəndaşlara qarşı vergilər yazır, ödəmədikdə isə istintaqı da özləri aparırlar. Bu halda həm tərəfsizlik, həm də obyektivlik prinsipi zədələnir. Vahid istintaq orqanı yaradıldıqda maraqların toqquşması aradan qalxır və istintaq tam müstəqil, obyektiv şəkildə aparılır”.

Əkrəm Həsənov qeyd edir ki, prokurorluğun həm istintaq aparması, həm də məhkəmədə ittiham tərəfini təmin etməsi hüquqi baxımdan ciddi çatışmazlıqdır. Yeni vahid istintaq orqanı yaradıldıqda prokurorluq yalnız ittiham və məhkəmə prosesini təmin edəcək, istintaq isə müstəqil qurum tərəfindən aparılacaq.
Vahid istintaq orqanı həm peşəkar kadrların cəmlənməsini, həm də maraqların toqquşmasının aradan qaldırılmasını təmin edəcək. Nəticədə orqan daha səmərəli, obyektiv və müstəqil fəaliyyət göstərəcək. Bu həm hüquqi, həm də inzibati baxımdan ciddi modernləşmə deməkdir. Azərbaycanda Vahid İstintaq Komitəsinin yaradılması həm funksional, həm də institusional balansı qorumaq məqsədini güdür. Bu dəyişikliklər baş verərsə, istintaq sistemində səmərəliliyi artırmaqla yanaşı, hüquqi prosedurların vahid çərçivəyə salınması üçün atılan hesablanmış addımdır.


E.Məmmədəliyev,
Musavat.com

Seçilən
21
50
musavat.com

10Mənbələr