
“2025-ci il üzrə dövlət büdcəsindən Qərbi Kaspi Universiteti üçün ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən 3 milyon 596,6 min manat təhsil xərcləri, 1 milyon 480,0 min manat isə təqaüd xərcləri ayrılıb”.
Bu barədə “Qafqazinfo”nun Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin maliyyələşdirilməsinə dair sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib.
“Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.
Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 faiz artımla nəzərdə tutulub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi nəzərdə tutulub”, - məlumatda qeyd edilib.