Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
90deqiqe.Az xəbər verir ki, Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin badminton vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir.
Sənəd çərçivəsində tərəflər ölkədə badmintonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçilər və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur.
Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Azərbaycan Badminton Federasiyasının baş katibi Əjdər Cəfərov tərəfindən imzalanıb.