AZ

ABŞ-də Rusiyaya gizli sursat axını ifşa olundu: İtalyan silah taciri həbs edildi...

540 min dollarlıq patronlar ABŞ-dən çıxarılaraq Qırğızıstan üzərindən Rusiyaya ötürülüb...

ABŞ-də italyan silah taciri Manfred Qruber Rusiyaya qanunsuz sursat ixracına görə həbs edilib və özünü təqsirli bilib. O, 30 mart tarixində Bruklin federal məhkəməsində 540 min dollardan artıq dəyəri olan döyüş sursatlarının qanunsuz ixracını etiraf edib.

Poliqon xəbər verir ki, bu barədə The Insider nəşri məlumat yayıb.

Məlumata əsasən, Qruberin nəzarətində olan İtaliya şirkətləri ABŞ-dən patronlar alaraq onları əvvəlcə İtaliyaya, daha sonra isə Qırğızıstana ixrac edib. Bu ölkədən isə sursatlar son mərhələdə Rusiyaya çatdırılıb.

Bildirilir ki, 2022–2024-cü illər ərzində Rusiyada bu patronların alıcıları arasında “Arsenal”, “Artemida”, “Ve-Kasa”, “Promtexnologiya” və “Tetis” kimi şirkətlər olub. Eyni zamanda, bu tip sursatlardan “Vaqner” özəl hərbi şirkətinin snayperləri, “Espanyola” briqadası və Rusiya Federasiyasının 155-ci dəniz piyadaları briqadası tərəfindən istifadə edildiyi qeyd olunur.

İş üzrə digər fiqurant, Qırğızıstan vətəndaşı Sergey Jarnovnikov daha əvvəl məhkəmə tərəfindən 39 ay müddətinə azadlıqdan məhrum edilib.

Ekspertlər bildirirlər ki, bu hadisə beynəlxalq sanksiyaların yan keçilməsi üçün istifadə olunan mürəkkəb logistik sxemlərin mövcudluğunu bir daha göstərir və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini gündəmə gətirir.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr