AZ

Avtoservisdə həmkarını bıçaqlayan usta ilə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Adil Balayevin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində paytaxtın Əhmədli qəsəbəsində yerləşən avtoservislərdən birində qeydə alınıb. Belə ki, Adil Balayev həmin vaxt servisdə usta işləyən zərərçəkmiş Tahir Balaşovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb zərərçəkmişin təmir etdiyi avtomobillə Adilin yaxınlığından sürətlə keçməsi olub. Bu hal məhkum tərəfindən narazılıqla qarşılanıb və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Tahirin onun ünvanına nalayiq ifadələr işlətməsi vəziyyəti daha da gərginləşdirib. Hadisəni görən Adilin oğlu əlində mətbəx bıçağı ilə münaqişəyə müdaxilə etməyə çalışıb.

 

İstintaqla müəyyən olunub ki, bu zaman Adil oğlunun əlindən bıçağı alaraq mübahisəni daha da kəskinləşdirib və zərərçəkmiş şəxsə hücum edib. O, bıçaqla Tahirin döş nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs döş qəfəsinə daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ona həmçinin mədə və diafraqmanın zədələnməsi, hemotoraksla müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarətlər yetirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Balayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 3 Aprel 2026, 08:40   
Seçilən
39
pravda.az

1Mənbələr