AZ

Saratovda dəhşətli qəza: Uşaqları daşıyan avtobusun sürücüsü sükan arxasında öldü

Saratov vilayətində uşaqları daşıyan avtobus qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “rus mətbuatı” məlumat yayıb.

Rusiyanın Saratov vilayətinin Petrovsk rayonunda uşaqları daşıyan avtobus qəzaya uğrayıb. Hadisə Novozaxarkino kəndi yaxınlığında baş verib. Avtobus Penza şəhərinə ekskursiyaya gedən Yershov rayonundan olan 23 uşaq və 2 böyüyü daşıyırmış.

Regionun Dövlət Avtomobil Müfəttişliyindən verilən ilkin məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında halının pisləşməsi olub. Təəssüf ki, avtobusun sürücüsü hadisə yerində dünyasını dəyişib.

Fövqəladə xidmətlərin məlumatına görə, avtobusdakı uşaqların yaşları 9 ilə 14 arasında dəyişir. Vilayət qubernatoru Busarqin bildirib ki, qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların hamısına lazımi tibbi yardım göstərilir. Xoşbəxtlikdən, sərnişinlər arasında ölən yoxdur.

Hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi üçün prokurorluq tərəfindən araşdırmalara başlanılıb və proses nəzarətə götürülüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
1
interpress.az

2Mənbələr