AZ

Kitabxananın yeni layihəsi “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı”

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Layihəni Gənclər Kitabxanası süni intellekt vasitəsilə hazırlayıb

Bakı, 3 aprel, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən innovativ yanaşmaya əsaslanan bir sıra layihələr reallaşdırılır. Bu kitabxanada süni intellekt texnologiyalarının tətbiqi ilə “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı” layihəsinə başlanılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycan memarlığının nadir nümunələri süni intellekt vasitəsilə canlandırılır, onların tarixi və estetik dəyəri geniş auditoriyaya çatdırılır, hazırlanan təqdimatlar milli memarlıq incilərimizin yeni prizmadan təqdim olunmasına imkan yaradır.

Hazırlanan təqdimatlarda ilk növbədə Azərbaycan intibah memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin yaradıcılığına xüsusi yer verilib. Onun memarlıq üslubu, yaratdığı abidələrin bədii-estetik xüsusiyyətləri, Şərq memarlığında tutduğu mövqe süni intellekt vasitəsilə vizual və analitik formada təqdim olunub. Bu yanaşma istifadəçilərə tarixi şəxsiyyətin fəaliyyətini daha dərindən qavramaq imkanı yaradır.

Eyni zamanda, Azərbaycanın simvollarından biri olan Qız qalası haqqında hazırlanmış təqdimatda abidənin sirli tarixi, memarlıq xüsusiyyətləri və müxtəlif elmi yanaşmalar əsasında irəli sürülmüş müxtəlif məlumatlar geniş şəkildə əks etdirilir. Süni intellekt texnologiyası vasitəsilə qalaya dair müxtəlif dövrlərə aid vizual rekonstruksiyalar təqdim olunaraq onun dünəndən bu günə inkişaf mərhələləri canlandırılıb.

Digər mühüm memarlıq kompleksi olan Şirvanşahlar sarayı isə “Şirvanın günəşli incisi” kimi təqdim olunmuş, sarayın tikilmə tarixi, memarlıq kompozisiyası və Azərbaycan dövlətçilik tarixində rolu geniş şəkildə işıqlandırılıb. Süni intellekt vasitəsilə hazırlanmış interaktiv təqdimatlar istifadəçilərə saray kompleksini virtual şəkildə “gəzmək” imkanı yaradır ki, bu da mədəni irsin öyrənilməsində yeni mərhələ hesab oluna bilər.

Bundan əlavə, Azərbaycanın musiqi mədəniyyətinin mühüm ocaqlarından biri olan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası haqqında hazırlanmış təqdimatda da binanın memarlıq xüsusiyyətləri, akustik imkanları və ölkənin mədəni həyatındakı rolu xüsusi vurğulanır. Süni intellekt texnologiyası burada həm tarixi faktların sistemləşdirilməsi, həm də vizual materialların zənginləşdirilməsi baxımından əvəzsiz rol oynayır.

Ümumilikdə, süni intellektin tətbiqi bu cür layihələrdə bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, böyük həcmli məlumatların sürətli emalı və sistemləşdirilməsi mümkün olur. Həmçinin bu texnologiya həm də gənc nəslin diqqətini cəlb etməklə onların milli irsə marağını artırır, öyrənmə prosesini interaktiv və cəlbedici edir.

Qeyd edək ki, müasir dövrdə süni intellekt yalnız texnoloji yenilik deyil, həm də mədəniyyətin qorunması və təbliği üçün bir vasitədir. Bu baxımdan, Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihə ənənə ilə innovasiyanın vəhdətini nümayiş etdirir. Tarixi irsimizin müasir texnologiyalar vasitəsilə təqdim olunması, onun daha geniş auditoriyaya çatdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində də mühüm addım kimi qiymətləndirilə bilər.

“Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatları” layihəsi çərçivəsində hazırlanan təqdimatlar kitabxananın rəsmi saytında yerləşdirilib. Süni intellekt vasitəsilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti incilərindən bəhs edən təqdimatların yaradılması işinin davam etdirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
50
azertag.az

10Mənbələr