AZ

Beynəlxalq Cinayət Məhkəməsi Trampı həbs edə bilərmi?

Dünyanın diqqəti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara yönəlib. Müharibə həm regionda, həm də qlobal miqyasda ciddi müzakirələrə səbəb olub.

Məhz son bir ayda ABŞ və İsrailin İrana qarşı hücum əməliyyatlarında ölkədə strateji əhəmiyyət kəsb edən bir çox hərbi obyektlər sıradan çıxarılıb. 

Eyni zamanda, İranda hərbi obyektlərlə yanaşı mülki obyektlər və dinc insanların məskunlaşdığı ərazilər də hücuma məruz qalıb.

İranın Minab şəhərində Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin raketlə vurulması və 100-dən çox şagirdin həlak olması, o cümlədən Tehranda onkoloji məhsullar istehsal edən müəssisənin də zərbəyə məruz qalması bunu sübut edir.  

Maraqlıdır, İran hakimiyyəti ABŞ və İsrailin son hücumlarını hərbi cinayət kimi təqdim etmək üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsində məsələ qaldıra bilər? 

Xüsusilə qeyd etmək lazımdır ki, 2022-ci ildə rəsmi Kiyev Rusiyanın Ukraynaya təcavüzünü və rus ordusunun onun ərazisində hərbi cinayətlərini əsas gətirərək Moskvanı Haaqa Beynəlxalq Cinayət Məhkəməsini vermişdi. 

Ukraynanın şikayəti üzrə bir müddət tədqiqatlar aparıldıqdan sonra məhkəmə Prezident Vladimir Putinin həbsi barədə order çıxartdı. ABŞ Prezidenti Donald Trampın da eyni hal ilə üzləşməsi ehtimalı varmı? 

Məsələ ilə bağlı beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev “Cebheinfo.az”-a şərhində qeyd edib ki, sözügedən məsələ beynəlxalq hüquq baxımından kifayət qədər mürəkkəbdir və bu, bir neçə əsas amildən asılıdır.

Onun sözlərinə görə, İranın ABŞ və İsrailə qarşı hərbi əməliyyatlarla bağlı məsələni Beynəlxalq Cinayət Məhkəməsinə çıxarmaq imkanları məhduddur:

“Əvvəla, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası yalnız Roma Statutuna qoşulmuş dövlətlərə və ya müəyyən hallarda BMT Təhlükəsizlik Şurasının yönləndirdiyi işlərə şamil olunur. İran, ABŞ və İsrail bu statutun tamhüquqlu iştirakçıları deyillər. Bu səbəbdən İranın birbaşa müraciəti ilə məhkəmənin avtomatik şəkildə işə baxması mümkün deyil.

Nəzəri olaraq iki istisna mövcuddur. Birincisi, BMT Təhlükəsizlik Şurası müraciəti Beynəlxalq Cinayət Məhkəməsinə göndərə bilər. Lakin ABŞ həmin Şurada veto hüququna malik olduğundan bu variant praktik baxımdan real hesab olunmur.

İkincisi, İranın xüsusi bəyanatla məhkəmənin yurisdiksiyasını qəbul etməsidir. Bu halda belə, məhkəmə yalnız müəyyən çərçivədə və konkret hallar üzrə araşdırma apara bilər”.

Ekspert vurğulayıb ki, mülki obyektlərin, o cümlədən məktəblərin və ya tibbi müəssisələrin vurulması beynəlxalq humanitar hüquqa görə ciddi pozuntu sayılır:

“Əgər sübut olunarsa ki, hücumlar qəsdən mülki şəxslərə qarşı yönəlib, hərbi zərurət olmayıb və ya proporsionallıq prinsipi pozulub, bu hallar müharibə cinayətləri kimi qiymətləndirilə bilər. Ukrayna məsələsi ilə müqayisədə isə mühüm fərq var.

Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını rəsmi şəkildə qəbul etmişdi. Buna görə də məhkəmə Rusiyanın Ukrayna ərazisində törətdiyi iddia olunan cinayətləri araşdıra bildi və nəticədə Rusiya Prezidenti Vladimir Putin barəsində həbs orderi çıxarıldı”. 

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın oxşar vəziyyətlə üzləşməsi isə hüquqi baxımdan daha az ehtimallıdır:

“ABŞ Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onun yurisdiksiyasını qəbul etməyib. Bundan əlavə, belə bir işin başlaması üçün ya BMT Təhlükəsizlik Şurasının qərarı, ya da yurisdiksiya baxımından uyğun hüquqi əsas tələb olunur ki, bu da mövcud siyasi reallıqlarda çətin görünür.

Son olaraq deyə bilərəm ki, İranın bu məsələni Beynəlxalq Cinayət Məhkəməsində qaldırması nəzəri olaraq mümkün olsa da, praktiki və siyasi maneələr səbəbindən bunun reallaşması ehtimalı olduqca aşağıdır”. 

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr