Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ administrasiyası və hərbi rəsmiləri İrana qarşı həyata keçirilən “Epik Qəzəb” əməliyyatının uğurlu nəticələr verdiyini bildirsələr də, kəşfiyyat mənbələri və bəzi ekspertlər vəziyyətin daha mürəkkəb olduğunu qeyd edir.
KONKRET.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Anna Kelli bildirib ki, anonim mənbələr prezident Donald Trampı hədəf almağa və ABŞ silahlı qüvvələrinin nailiyyətlərini kiçiltməyə çalışır. Onun sözlərinə görə, faktlar göstərir ki, İranın raket və pilotsuz aparat hücumları 90 faiz azalıb, hərbi-dəniz qüvvələri demək olar ki, məhv edilib, istehsal imkanlarının üçdə ikisi sıradan çıxarılıb və ABŞ ilə İsrail havada tam üstünlüyə malikdir.
Pentaqonun nümayəndəsi Şon Parnell də CNN-in məlumatlarını təkzib edərək bildirib ki, ABŞ ordusu İran rejiminə ağır zərbələr endirib və əsas hərbi məqsədlərin icrasında planı qabaqlayır.
O, vurğulayıb ki, məqsədlər arasında İranın raket arsenalının və donanmasının məhv edilməsi, həmçinin ölkənin nüvə silahı əldə etməsinin qarşısının alınması var.
Bununla belə, İsrail hərbi rəsmiləri daha ehtiyatlı qiymətləndirmə verərək bildiriblər ki, İranın aktiv buraxılış qurğularının yalnız 20–25 faizi sıradan çıxarılıb. Mənbələr qeyd edir ki, yeraltı tunellərdə və mağaralarda gizlədilən qurğular bu hesablamalara daxil edilmir.
ABŞ kəşfiyyatına yaxın mənbələrdən biri bildirib ki, İranın bütün hərbi imkanlarının qısa müddətdə məhv edilməsi real deyil. Onun sözlərinə görə, İran uzun illər ərzində tunel şəbəkələri quraraq belə hücumlara hazırlaşıb və mobil buraxılış sistemlərini gizlətməkdə davam edir.
Eyni zamanda, İranın hərbi-dəniz qüvvələrinin bir hissəsi, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusuna aid bölmələr hələ də müəyyən imkanlarını qoruyub saxlayır. Mənbələr onların yüzlərlə kiçik kater və pilotsuz dəniz vasitələrinə malik olduğunu bildirir.
ABŞ Mərkəzi Komandanlığı isə açıqlayıb ki, indiyədək 155-dən çox İran gəmisinə zərər yetirilib və ya onlar məhv edilib. Lakin ekspertlər qeyd edir ki, bu rəqəmlərin hansı konkret qüvvələri əhatə etdiyi tam aydın deyil.
Beləliklə, rəsmi açıqlamalar əməliyyatların uğurlu olduğunu göstərsə də, müstəqil qiymətləndirmələr İranın hələ də müəyyən hərbi potensiala malik olduğunu ortaya qoyur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.