AZ

“Hikmət Hacıyev təsadüfi bəyanat vermir...” – VACİB AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel - Beynəlxalq Mina Təhlükəsi Haqqında Maarifləndirmə Günü ilə bağlı “X” hesabında paylaşımında 30 il Ermənistanın işğalında olmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş minaların gətirdiyi faciələr barədə yazıb.

O qeyd edib ki, dünya irəlilədiyi halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir:

“Azərbaycan ərazisinin təxminən 12 faizi 30 illik işğal dövründə Ermənistan tərəfindən yerləşdirilmiş 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən bəri - sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışına mane olur”.

CİNGİZ

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, 400-dən çox azərbaycanlının mina qurbanına çevrilməsinin və bundan sonra da buna bənzər faciələrin baş verməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür:

“Cənab Hikmət Hacıyev təsadüfi bəyanat vermir. Mina problemi post-müharibə dövrünün ağır humanitar böhranıdır. Əgər bir dövlət 30 il ərzində başqa bir ölkənin ərazisində genişmiqyaslı şəkildə minalar yerləşdiribsə və həmin minaların xəritələrini tam və dəqiq təqdim etmirsə, nəticədə mülki şəxslər sülh dövründə belə həlak olursa, bu zaman məsuliyyət məsələsini yayındırmaq mümkün deyil. Odur ki, minaların gətirdiyi faciələrin də məsuliyyəti Ermənistanın üzərindədir”.

MİNA

Ekspert qeyd edib ki, beynəlxalq humanitar hüquqa görə, münaqişədən sonra mina xəritələrinin təqdim edilməsi humanitar öhdəlik sayılır, mülki əhalinin həyatına davam edən təhlükə yaradan fəaliyyətlər məsuliyyət yaradır:

“Yəni bu, təkcə siyasi ittiham deyil, hüquqi məsuliyyət elementi daşıyan məsələdir. 1,5 milyondan çox mina, ərazinin təxminən 12%-i çirklənmiş vəziyyətdə olması, 2020-dən sonra 400-dən çox mülki qurban faktı vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir. Bu rəqəmlər artıq “müharibənin nəticəsi” çərçivəsini aşır. Bu, müharibədən sonrakı dövrdə davam edən təhlükədir. Əgər mina xəritələri bilərəkdən gizlədilirsə və ya natamam təqdim olunursa, bunun adı bilərəkdən humanitar riski davam etdirməkdir. Bu isə siyasi baxımdan da, mənəvi baxımdan da, hüquqi baxımdan da məsuliyyət yaradır”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
31
42
musavat.com

10Mənbələr