AZ

Türkmənçay xəbərdarlığı: Moskva Cənubi Qafqazda “Tramp planı”na QARŞI

Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra Moskvadan İrəvana gələn sərt bəyanatlar regionda geosiyasi gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Qərbə inteqrasiya cəhdlərini, xüsusilə ABŞ-nin “Trampın beynəlxalq sülh və rifah naminə təşəbbüsü” (TRIPP) layihəsini 1828-ci il Türkmənçay müqaviləsi ilə qurulmuş 200 illik balansa təhdid kimi qiymətləndirməsi Kremlin Cənubi Qafqazı hələ də özünün mütləq təsir dairəsi hesab etdiyinin açıq nümayişidir. Rusiyalı rəsminin bu marşrutun arxasında Mərkəzi Asiyanın kritik resurslarına nəzarət və İran sərhədlərində ABŞ hərbi-siyasi mövcudluğunu təmin etmək məqsədi dayandığına dair xəbərdarlığı, Zəngəzur dəhlizi ətrafındakı müzakirələri daha mürəkkəb müstəviyə daşıyıb.

Qabil
Qabil Hüseynli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın 200 il əvvəlki müqavilələrə istinad etməsi onun regional siyasətindəki köhnəlmiş, lakin təhlükəli imperialist ambisiyalarından xəbər verir:

“Aleksey Overçukun Türkmənçay müqaviləsini xatırlatması təsadüfi deyil. Moskva bununla həm İrəvana, həm də Bakıya mesaj verir ki, bu regionda sərhədlərin və kommunikasiyaların taleyi yalnız onun iştirakı ilə həll oluna bilər. Rusiyanın “Tramp yolu” adlandırdığı layihəyə bu dərəcədə kəskin reaksiya verməsi, Vaşinqtonun Cənubi Qafqaz vasitəsilə Orta Asiyaya çıxış əldə etmək planlarından ciddi şəkildə qorxduğunu göstərir. Moskva faktiki olaraq Ermənistanın müstəqil xarici siyasət yürütməsini özünün strateji maraqlarına birbaşa qəsd kimi qiymətləndirir”.

Onun sözlərinə görə, Rusiyanın bu məsələdə İranı daha fəal müqavimətə çağırması regionda yeni bir “anti-Qərb koalisiyası” yaratmaq cəhdidir:

“Overçukun bəyanatlarında diqqətçəkən məqam İran amilidir. Rusiya Tehranı qızışdıraraq ABŞ-nin regiondakı layihələrini bloklamağa çalışır. Bakı üçün Zəngəzur dəhlizi suverenlik və Naxçıvanla birbaşa əlaqə məsələsidirsə, Moskva üçün bu, həm də Rusiya sərhədçilərinin nəzarətində qalmalı olan bir ‘nəfəslikdir’. Rusiyanın kommunikasiyaların açılması prosesindən kənarda qalmasını “böyük səhv” adlandırması o deməkdir ki, onlar 10 noyabr bəyanatının 9-cu bəndinə, yəni yolların Rusiya FTX-nın nəzarətində olması bəndinə qayıtmaq üçün İrəvana təzyiqləri artıracaqlar”.

Politoloq qeyd edib ki, Azərbaycan bu geosiyasi toqquşmada son dərəcə ehtiyatlı və balanslı siyasət yürütməlidir:

“Moskvanın Türkmənçay müqaviləsini gündəmə gətirməsi bizim üçün də həssas mövzudur, çünki bu müqavilə xalqımızın bölünməsinin tarixi rəmzidir. Rusiyanın regionu hələ də öz “arxa həyəti” adlandırması müasir beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Lakin Overçukun çıxışı onu göstərir ki, Kreml Cənubi Qafqazdan asanlıqla geri çəkilmək niyyətində deyil. Əksinə, Ermənistanın Qərbə meyillənməsini hərbi-iqtisadi sanksiyalar və regional gərginliklə cəzalandıra biləcəyinə dair siqnallar verir. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizi məsələsi təkcə iqtisadi deyil, böyük güclərin amansız qarşıdurma poliqonuna çevrilə bilər”.

Tunar
NOCOMMENT.az

Seçilən
23
nocomment.az

1Mənbələr