AZ

"TDT-də praktik əməkdaşlıq mərhələsi başlayır" - ŞƏRH EDİLDİ

"İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarını qəbul etməsi regionda həm siyasi, həm də iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan hadisədir".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu görüş yalnız rəsmi protokol səviyyəsində qalmır, əksinə, Azərbaycan öz liderliyini və təşəbbüskarlığını nümayiş etdirərək təşkilatın fəaliyyətini daha dinamik və praktik nəticələrə yönəltmək niyyətində olduğunu göstərir: "Əsas məqsəd birlik və həmrəylik mesajının konkret əməkdaşlıq layihələri və iqtisadi təşəbbüslər vasitəsilə gücləndirilməsidir.

Müasir regional kontekstdə, xüsusilə qlobal qeyri-sabitlik və enerji bazarlarında baş verən dəyişikliklər fonunda, TDT-yə üzv ölkələr üçün koordinasiyalı siyasət yürütmək strateji üstünlük yaradır. Görüşün gündəliyində iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regional infrastruktur layihələrinin birgə həyata keçirilməsi kimi məsələlər ön plana çıxır. Bu isə Azərbaycanın yalnız öz milli maraqlarını deyil, bütün təşkilata üzv ölkələrin ümumi maraqlarını təmin etməyə çalışdığını göstərir. Prezidentin təşəbbüsü onu göstərir ki, Azərbaycan təşkilat çərçivəsində lider ölkə rolunu qoruyub saxlamaq və praktik əməkdaşlıq nümunələri yaratmaq niyyətindədir.

Digər mühüm məqam isə siyasi inteqrasiya və koordinasiyanın artırılmasıdır. TDT yalnız iqtisadi platforma deyil, həm də mədəni və siyasi yaxınlaşma vasitəsidir. Bu görüş vasitəsilə üzv ölkələr arasında qarşılıqlı anlaşma, təhlükəsizlik və regional sabitlik sahəsində əməkdaşlığın təməli daha da gücləndirilir. Xüsusilə Azərbaycan üçün bu, həm daxili, həm də xarici siyasətdə strateji mesajdır ki, ölkə yalnız regional deyil, həm də qlobal gündəmdə aktiv iştirak edir və təşkilatın qərarlarının formalaşmasında əsas rol oynayır.

Görüş həm də kommunikasiya və diplomatiya kanallarının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Üzv ölkələrin başçıları ilə birbaşa ünsiyyət Azərbaycan üçün daha çevik qərarların qəbuluna imkan yaradır, eyni zamanda qarşılıqlı anlaşılmazlıq risklərini azaldır. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü həm qısa müddətli, həm də uzunmüddətli strateji planların icrası üçün platforma rolunu oynayır.

Bu görüş Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir və təşkilatın gələcək fəaliyyətinə dair aydın vizyon təqdim edir. Qısaca desək, bu görüş Türk Dövlətləri Təşkilatının fəaliyyətində praktik nəticələr əldə etməyə yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
12
1
sia.az

2Mənbələr