AZ

"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bəzən bir şəhərin mədəniyyət səviyyəsini, cəmiyyətin daxili dünyasını ölçmək üçün böyük sosioloji tədqiqatlara, qapalı qapılar arxasında aparılan uzun-uzadı müzakirələrə ehtiyac qalmır. Şəhərin divarları, küçələri, tarixi abidələri cəmiyyətin əsl simasını özündə əks etdirən ən təmiz güzgüdür. Bu gün o güzgüyə baxanda bəzilərimizin utancından başını aşağı salmasına səbəb olan bir mənzərə ilə qarşılaşdıq. Paytaxtın tən ortasında, arxitekturası və tarixi ilə Bakının simvollarından birinə çevrilmiş Nizami Kino Mərkəzinin divarlarına çəkilmiş qraffiti, daha doğrusu, cızma-qara, mənəvi tənəzzülün, məsuliyyətsizliyin və vandallığın təzahürüdür.

Bu, sadəcə bir qrup gəncin "yaradıcılıq eşqi" deyil. Bu, hər birimizin mənəvi mülkiyyətinə, Bakının tarixi yaddaşına vurulmuş ağır bir zərbədir.

Biz tez-tez anlayışları qarışdırırıq. Bir binanın divarına belə əcaib-qəraib şeylər çəkməklə özünü "rəssam" adlandırmaq arasında böyük uçurum var. Nizami Kino Mərkəzi adi bir beton yığını, hansısa köhnə məhəllədəki anbar deyil. O, Azərbaycan kinosunun, mədəniyyətinin məbədidir; paytaxtın mərkəzində yerləşən, hər gün on minlərlə insanın qarşısından keçdiyi mədəni-tarixi əhəmiyyətli bir binadır.

Bu binanın divarına icazəsiz, yöndəmsiz yazılar yazmaq, rəsmlər çəkmək sadəcə "xırda xuliqanlıq" kimi qəbul edilə bilməz. Bu, birbaşa vandallıqdır. Mədəni irsə, ictimai mülkiyyətə və on illər ərzində bu binanın qorunub saxlanması üçün çalışan insanların əməyini heçə saymaqdır. Əgər biz bu gün paytaxtın mərkəzindəki bir sənət məbədinin təhqir olunmasına göz yumsaq, sabah həmin boyalı əllərin Qız Qalasının, Şirvanşahlar Sarayının divarlarına uzanmayacağına kim zəmanət verə bilər?

Bu cızma-qaranı müdafiə etməyə çalışanların ən böyük arqumenti adətən "dünya təcrübəsi", "Qərbdə küçə sənəti" kimi bəhanələr olur.

Bəli, qraffiti bu gün bütün dünyada geniş yayılıb. Amma və lakin bu cızma-qaralar qraffiti deyil. Bunların heç bir estetik tərəfi yoxdur. Sadəcə ağızlarına gələni yazıblar, vəssalam.

Bir az araşdırsanız, dünyada qraffitinin möhtəşəm nümunələrini tapa bilərsiniz. Şəhərin ruhuna uyğun, onu daha da gözəlləşdirən və ən əsası, ruhunu zədələməyən...

Belə nümunələri həmişə normal qarşılamışam. Yerində istifadə olunanda şəhəri də gözəlləşdirir.

Nizami

Bakı dünyada təkcə küləkləri və ya nefti ilə deyil, həm də təbiəti, tarixi abidələri və təmizliyi ilə tanınır. Turistlərin ölkədə ən çox bəyəndiyi məqamlardan biri də şəhərin təmizliyi və səliqəsidir.

Tarixi binaların divarlarını lazımsız, heç bir bədii dəyəri olmayan, yöndəmsiz yazılar və qarmaqarışıq görüntülərlə bulamaq isə bizim bu keyfiyyətlərimizin üzərindən basdayıb keçmək deməkdir.

O divardakı ləkə təkcə Nizami Kino Mərkəzinin deyil, bütün Bakının üzünə çəkilmiş ləkədir. Gözəlliyi qorumaq onu yaratmaq qədər çətindir və biz bu gözəlliyin bir neçə məsuliyyətsiz gəncin eqosu uğruna məhv edilməsinə göz yuma bilmərik.

Bu əməli törədən gənclərin psixologiyasına nəzər salaq. Burada məqsəd heç də incəsənət yaratmaq deyil. Bu, xalis məsuliyyətsizlik, ictimai normalara meydan oxumaq və tərbiyəsizlik nümayişidir.

Gecənin bir yarısı gizlicə gəlib başqasının əməyini, şəhərin mərkəzindəki tarixi bir binanın gözəlliyini məhv etmək, adını və ya hansısa anlaşılmaz bir simvolu oraya həkk etmək heç bir halda yaradıcılıq deyil.

Bu, zəiflikdir, aqressiyadır, sadəcə və sadəcə dağıdıcılıqdır. Bu, sənət deyil, cəmiyyətə qarşı yönəlmiş bir xuliqanlıq aktıdır.

Bütün bu problemlərin gəlib dayandığı bir son dayanacaq var: Ailə və valideyn məsuliyyəti.

Nizami

Bu cızma-qaranı edən gənclər göydən düşməyiblər. Onlar bizim cəmiyyətimizin övladlarıdır, hansısa evdən çıxıb o boyaları alırlar, o küçələrə gedirlər. Valideynlər övladlarının davranışına, maraq dairələrinə və ən əsası, asudə vaxtlarını necə keçirdiyinə daha ciddi nəzarət etməlidirlər.

Vətənpərvərlik təkcə əlinə bayraq alıb şüar səsləndirmək deyil. Əsl vətənpərvərlik yaşadığın şəhərin hər bir daşını belə qorumaq, yerə zibil atmamaq, ictimai mülkiyyətə öz evin kimi yanaşmaqdır. Uşaq və yeniyetmələrə bu vətənpərvərliyi, ictimai mülkiyyətə hörməti, estetik zövqü və məsuliyyət hissini aşılamaq məktəbdən də əvvəl hər bir ailənin birbaşa vəzifəsidir.

Övladının çantasında sprey boyalarla gecə saatlarında küçədə nə etdiyini, hansı mədəni irsə zərər vurduğunu bilmək, bunun qarşısını almaq valideynin məsuliyyətidir. Əgər bir gənc şəhərin təmizliyinə, arxitekturasına bu qədər laqeyd və qəddar yanaşa bilirsə, deməli, ailədə ona "bizim" anlayışı yox, yalnız "mən" eqosu aşılanıb.

Nizami

O ləkə o divardan silindi, bəs şüurlardakı ləkəni necə təmizləyəcəyik? Seçim bizimdir.

Müəllifin digər yazıları:

Yenə yağış, yenə su altında qalan Bakı

Şou proqramlarına göstərilən "qırmızı vərəqə"

Efirlərdən qovulan müğənnilərin intiqamı


Seçilən
27
14
kulis.az

10Mənbələr