AZ

Yanlış məlumat verənlər CƏRİMƏLƏNƏCƏK: yeni qaydalar AÇIQLANDI

Mövzu ilə bağlı ətraflı şəkildə “Sığorta məsələləri üzrə” ekspert Emin Allahverdiyev Ajans.az-a açıqlama verib. Ekspert bildirib ki, sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin edilməsi, sığorta xidmətlərindən istifadə edən şəxslərə qarşı ədalətli yanaşmanın gücləndirilməsi və bu sahəyə ictimai etimadın artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən mütəmadi olaraq Qanunvericilik aktlarına və müvafiq Qaydalara baxılır, zəruri tədbirlər görülür və ehtiyac yarandığı təqdirdə müvafiq qərarlar qəbul edilir. Bu sahədə dəyişikliklərdən biri də məhz “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar”a müvafiq dəyişikliklərin təsdiq edilməsidir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.  O qeyd edib ki, sığorta haqqının hesablanması baza sığorta haqqına nəqliyyat vasitəsinin mühərrik həcmi, nəqliyyat vasitəsinin istismar müddəti, istismar edildiyi ərazi, nəqliyyat vasitəsinə etibarnamələrin sayı sürücünün yaşı və sürücülük təcrübəsi kimi əmsallar və zərərlilik tarixçəsi (bonus-malus sinifi) tətbiq edilməklə hesablanırdısa, bundan sonra avtomobilin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi də nəzərə alınaraq, əlavə əmsal tətbiq ediləcək. Qaydalara edilən dəyişikliyə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.  “Avtonəqliyyat vasitəsinin taksi kimi sərnişin daşımalarında istifadəsi dedikdə, “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunların tələblərinə uyğun olaraq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş icazə əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı ilə təmin olunmuş daşıyıcılar tərəfindən, hər hansı şəxsin sifarişi əsasında sərnişindaşıma fəaliyyəti nəzərdə tutulur.
Əgər sığorta müqaviləsi bağlanarkən, avtonəqliyyat vasitəsinin taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və kartı barədə məlumat mövcud olmazsa, bu halda isə sığorta haqqının hesablanmasında 1 əmsal tətbiq ediləcək, yəni hər hansı bir dəyişiklik edilməyəcək.” deyə, o açıqlayıb.  Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verildiyi hallarda, növbəti sığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq olunur. Bu, xüsusilə yanlış məlumatın son müqavilə üzrə verilməsi və ya həmin halın sığorta hadisəsindən sonra müəyyən edilməsi zamanı qüvvədədir. Əgər sığorta hadisəsi müqavilənin qüvvədən düşməsindən sonra qeydə alınarsa, dürüstləşdirmə növbəti müqaviləyə tətbiq edilir.
Dürüstləşdirmə məbləği, düzgün məlumat əsasında hesablanmalı olan sığorta haqqı ilə faktiki ödənilmiş məbləğ arasındakı fərq kimi müəyyən edilir. Yanlış məlumat faktı müvafiq sənədlər və ya səlahiyyətli orqanlardan alınan məlumatlar əsasında təsdiqlənir.
       Emin Allahverdiyev əlavə edib ki, sərnişin daşımaları ilə məşğul olan taksi avtonəqliyyat vasitələrinin mütəmadi olaraq hərəkətdə olması və həmin avtomobillərin daha çox istismar edilməsi nəticəsində yol-nəqliyyat hadisələrinin də intensivliyinə təsir edir və qəza riskinin də artmasına səbəb olur. Eyni zamanda şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının da yüksək olmasını göstərmiş olur.

Sonda deyilib ki, nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edəcək.

Seçilən
8
4
Ajans.az

10Mənbələr