AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür.


Rekord.az xəbər verir ki bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.


Milli assosiasiyanın rəhbəri PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə toxunub və qurumlararası münasibətlərin müqavilə əsasında tənzimləndiyini bildirib:


"PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".


R.Nəcəf qeyd edib ki, klubların cərimə məbləğlərindən narazı qalması ilə bağlı hüquqi prosedurlar mövcuddur:


"İntizam Komitəsi müstəqil qurumdur, AFFA-nın onun fəaliyyətinə müdaxiləsi mümkün deyil. Cərimələrlə bağlı narazılığı olan klublar apellyasiya şikayəti verə bilərlər. Lakin bir məqamı qeyd edim ki, cərimələrdən toplanan vəsaitlər yenidən klubların inkişafına yönəldilir. Bu vəsaitlər AFFA-nın büdcəsində qalmır, yenidən futbolun və klubların maliyyələşməsinə xərclənir. Bu baxımdan "klubların soyulması" kimi ifadələr düzgün deyil".


Rövşən Nəcəf onu da bildirib ki, Misli Premyer Liqasında komanda sayının artırılması potensial namizədlərin hazırlıq səviyyəsindən asılıdır. Milli assosiasiya rəhbərinin sözlərinə görə, komanda sayının artırılması müzakirə mövzusudur:


"Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək".


Onun sözlərinə görə, qərarlar verilərkən rəqabətlilik və keyfiyyət ön plana çəkilir:


"Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır".


AFFA prezidenti bu mövzunun İcraiyyə Komitəsinin gündəmində olduğunu xatırladıb:


"Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur".