Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.
"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - o bəyan edib.
Mövzuilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Paşinyanın sülh gündəliyini bu şəkildə dilə gətirməsi, şübhəsiz pozitiv bir haldır:
"Bu yanaşma həm iki dövlət arasında münasibətlərin normallaşdırılmasına, həm də gələcəkdə sülh müqaviləsinin bağlanması üçün Ermənistan cəmiyyətində ciddi zəmin yaradır. Hazırda seçkiöncəsi prosesləri izlədikdə görürük ki, Ermənistanda Paşinyanın mövqeyini kəskin tənqid edən və onu dövlətə xəyanətdə ittiham edən müxalifət düşərgəsi var. Müxalifət məhz bu narrativlər üzərindən "qara piar" və neqativ elementlərlə zəngin bir kampaniya aparır. Paşinyan isə bu qüvvələrə qarşı sırf sülh prinsiplərinə söykənən gündəliklə çıxış edir. O, erməni cəmiyyətini inandırmağa çalışır ki, revanşist müxalifət hakimiyyətə gələcəyi təqdirdə ərazi iddialarını yenidən gündəmə gətirəcək və nəticədə "Üçüncü Qarabağ müharibəsi"ni başladacaq".
Müsahibimiz əlavə etdi ki, Paşinyan özünü "sülh partiyasının" rəhbəri, rəqiblərini isə birbaşa adlandırmasa da "müharibə bloku" kimi təqdim edir:
"Onun Azərbaycanla münasibətlərin normallaşdırılması və Ermənistan cəmiyyətində "Qarabağ hərəkatı"na son qoyulması ilə bağlı mesajları həm ölkə daxilindəki revanşistlərə, həm də kənar qüvvələrə ünvanlanıb. Bu xüsusda, Vladimir Putinin "Qarabağ hərəkatı"nın davam etdirilməsinin imkansızlığına dair fikirləri həm də Rusiyadakı müəyyən maraqlı dairələrə bir mesaj kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Fransa və digər ölkələrdəki erməni diasporunun daxili proseslərə təsir imkanlarını nəzərə alsaq, Qarabağ mövzusu üzərindən cəmiyyətdə fikir ayrılığı və çaxnaşma yaratmaq cəhdləri istisna deyil.
Buna baxmayaraq, rəy sorğuları Paşinyanın mövqeyinin hələ də möhkəm olduğunu göstərir. Son sorğulara əsasən, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 29% səs toplamaqla liderliyini qoruyur. Müxalifətdəki "Güclü Ermənistan" və "Ermənistan Bloku" isə toplamda cəmi 10%-dən bir qədər artıq səs toplaya bilib. Fərdi reytinqlərdə də Paşinyanın öndə olması ona seçki kampaniyasında daha inamlı çıxış etmək imkanı verir".
Deputat bildirdi ki, Ermənistan daxilindəki proseslər kifayət qədər dinamik və qeyri-sabitdir.
"Müxalifət düşərgəsində ciddi hərəkətlənmə müşahidə olunur. Məsələn, Levon Ter-Petrosyanın Samvel Karapetyan kimi namizədləri dəstəkləməsi müəyyən dairələrin mövqeyini gücləndirə bilər. Paşinyana qarşı yönəlmiş bu "səlib yürüşü" fonunda o, sülh və qonşularla normal münasibətlər vədini daha qabarıq şəkildə təbliğ edir.
Maraqlıdır ki, müxalifət artıq Paşinyanın narrativlərinə əks-reaksiyalar verir. Paşinyan müxalifətin gəlişini müharibə ilə eyniləşdirsə də, Ter-Petrosyan kimi simalar hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanın beynəlxalq öhdəliklərindən və imzalanmış sənədlərdən imtina etməyəcəklərini bildirirlər. Bu, cəmiyyətdə müəyyən çaşqınlıq yaratmaq məqsədi daşıyır. Belə bir vəziyyətdə Paşinyanın sülh prosesi ilə bağlı daha konkret addımlar atması, onun parlament seçkilərindəki qələbə şanslarını daha da artıra bilər", - deyə A.Allahverənov yekunlaşdırdı.
Xədicə BAXIŞLI