AZ

Avtobus zolağı ictimai nəqliyyatdakı problemləri həll edə bildi? - AÇIQLAMA

Paytaxtda mühüm məqamlardan biri də hər birimizi narahat edən tıxac problemidir.

BAKU.WS-in məlumatına görə, bu istiqamətdə atılan addımlardan biri kimi avtobus zolaqlarının təşkili xüsusi qeyd olunmalıdır.

Maraqlıdır ki, avtobus zolaqlarının təşkili ictimai nəqliyyatın işinə necə təsir edib və daha hansı addımlar atılmalıdır?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, ümumilikdə bu qərar düzgün və zəruri addım idi:

"Çünki avtobus zolaqları yalnız Azərbaycanda deyil, dünyanın bir çox iri şəhərlərində uzun illərdir tətbiq olunur və ictimai nəqliyyatın sürətini və effektivliyini artırmağa xidmət edir.

Aparılan müşahidələr göstərir ki, avtobusların hərəkət sürəti təxminən 18 km/saatdan 25 km/saatadək artıb. Bununla yanaşı, sərnişin daşımalarının həcmi də yüksəlib. Bu isə o deməkdir ki, avtobus zolaqları müəyyən qədər müsbət nəticə verib. Lakin "bu kifayətdirmi?" sualına cavab birmənalı şəkildə "xeyr"dir. Çünki əhalisi milyondan artıq əhalisi olan şəhərlərdə təkcə avtobus nəqliyyatı ilə tıxac problemini tam həll etmək mümkün deyil.

Bu yükü daşıyan əsas sistem relsli nəqliyyat olmalıdır. Buraya yeraltı metro xətləri, yerüstü tramvaylar və şəhərətrafı elektrik qatarları daxildir. Xüsusilə də yerüstü metro funksiyasını yerinə yetirən elektrik qatarlarının inkişafı vacibdir və bu istiqamət artıq dövlət proqramlarında da öz əksini tapıb. Əsas məsələ bu layihələrin daha sürətli və sistemli şəkildə icra olunmasıdır".

R. Ağamirzəyev əlaə edib ki, eyni zamanda nəqliyyat növləri arasında inteqrasiya xüsusi əhəmiyyət daşıyır:

"Yəni sərnişin bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə vaxt və çətinlik yaşamamalıdır. Bir dayanacaqda düşüb digər nəqliyyat növünə rahat şəkildə minmək imkanı yaradılmalıdır. Bu inteqrasiya həm vaxt itkisini azaldacaq, həm də ictimai nəqliyyatdan istifadəni daha cəlbedici edəcək.

Nəticə etibarilə, tıxacların azaldılması üçün yalnız infrastruktur deyil, eyni zamanda komfort və əlçatanlıq da nəzərə alınmalıdır. Bu, həm müasir nəqliyyat şəbəkəsinin qurulması, həm də müxtəlif və sərfəli bilet paketlərinin tətbiqi ilə mümkündür. Yalnız bu halda ictimai nəqliyyata maraq artacaq və tıxac probleminin həllində real irəliləyiş əldə olunacaq".

Seçilən
1
1
far.az

2Mənbələr