Ötən gün Moskvada keçirilən Putin-Paşinyan görüşü əsnasında Rusiya lideri Ermənistanın baş nazirini geosiyasi və geoiqtisadi amillər baxımından hər nə qədər şantaj etməyə, sıxışdırmağa çalışsa da, lakin bütövlükdə Rusiyanın və onun liderinin son illərdə düşdüyü çarəsiz və acınacaqlı mənzərə tam şəkildə üzə çıxdı, diqqətləri cəlb elədi. Belə ki, Putin Ukraynaya ağılsızcasına hücum etməzdən və Suriyada uduzmazdan əvvəl gəlmiş-keçmiş bütün Ermənistan liderləri ondan möhkəm qorxurdular. Hətta demokratik dalğada hakimiyyətə gələn Nikol Paşinyan da Kremldəki qocadan çox çəkinir və onunla mübahisə etməyə cəsarət etmirdi. Ancaq indi isə durum kökündən dəyişib və Paşinyan artıq açıq şəkildə onu ələ salır və yaxud, necə deyərlər, Putinlə məzələnir. Vaxtilə Kremlin təsir dairəsində hesab olunan, daha doğrusu, Rusiyanın Cənubi Qafqazda "vassal"ı və ya "forpost"u sayılan Ermənistan kimi kiçik bir ölkənin lideri indi onu açıq şəkildə görməməzlikdən gəlir. Paşinyan onu istehza ilə qarşılayır və hətta gülüşünü gizlətməyə belə çalışmır.
Əlbəttə, Nikol Paşinyanın davranışı bu prosesin təsadüfi epizodu deyil, yeni geosiyasi reallığın və regionda yeni güc balansının, yeni geosiyasi konfiqurasiyanın formalaşmasının bariz nümunəsidir. Və bu, eyni zamanda, Rusiya dövlətinin, onun rəhbərinin nüfuzunun sürətli aşınmasının göstəricisidir. Belə ki, bir vaxtlar bir çox rusiyalı ekspertlərin "böyük geostrateq" kimi təqdim və təbliğ etdikləri Vladimir Vladimiroviç indi belə qeyri-ənənəvi durumlarda yalnız saxta təbəssüm və "duzsuz" zarafatla cavab verib birtəhər vəziyyətdən çıxmağa çalışır. Bütün bunlar onu göstərir ki, regiondakı yeni geosiyasi reallıqlar fonunda Kremlin “qorxuducu” imperiya, metropoliya imici getdikcə zəifləyir və keçmiş "vassal" indi cəsarət göstərib baş qaldırır, Ermənistan rəhbərliyi artıq Moskvanın diktəsinə tabe olmaqdan imtina edir və özünü müstəqil aktor kimi təqdim etməyə çalışır.
Bütün bunlar sözsüz ki, həm sıravi rus cəmiyyətini, həm də Putinin özünü çilədən çıxarır, bərk cırnadır. Lakin bizim məşhur xalq məsəlimizdə deyildiyi kimi, özü yıxılan ağlamaz. Fövqəlgüc, fövqəldövlət iddiasında olan Rusiyanın bu gün belə bir acınacaqlı, miskin duruma düşməsinin başlıca günahkarı elə Putinin özüdür. O, artıq təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Ukrayna cəbhəsində və NATO (Avropa) istiqamətində ardıcıl geosiyasi və hərbi məğlubiyyətlərə uğramış bir fiqura çevrilib. Və bunun nəticəsidir ki, Putinin illərlə formalaşdırdığı “böyük dövlət”, "qlobal güc" imici demək olar ki, tamamilə sarsılıb, dağılıb. Kremlin keçmiş "müttəfiq" respublikalara təsir mexanizmləri də böyük ölçüdə iflic vəziyyətinə düşüb. Beləliklə, biz bu gün postsovet məkanında Kremlin mövqelərinin sürətlə zəifləməsinin şahidi oluruq. Paşinyanın Kremldə Putinə öz ölkəsindəki demokratiya və sosial şəbəkələr barədə "mühazirə" oxuması isə onun lap cızdağını çıxartdı. Bəli, böyük imperiyalar məhz Qorbaçov kimi, Yeltsin kimi, Putin kimi zəvzəklərin ucbatından iflasa uğrayır, tarixin zibilliyinə qovuşurlar. Bu, həm də ilahi ədalətin təntənəsidir. "Xalqlar həbsxanası"na çevrilən imperiyalar bir gün mütləq parçalanıb dağılırlar.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri