Çox vaxt müştərilərlə restoran işçiləri arasında anlaşılmazlıqlar yaşanır. Bir çox vətəndaş servis haqqı barədə əvvəlcədən məlumatlandırılmadığını, bəzən isə menyuda göstərilən qiymətin hesab zamanı daha yüksək təqdim olunduğunu iddia edir. Sosial şəbəkələrdə də bu kimi problemlərlə üzləşən müştərilərin paylaşımlarına tez-tez rast gəlinir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Ən çoxu 5 manat artıq gəlir xidmət haqqı. Harasa gedəndə 10 manat artıq pul götürürəm, bilirəm ki, üstünə xidmət haqqı da əlavə olunacaq", - sakinlərdən biri bildirib.
"Düzgün deyil. Ola bilər ki, kiminsə cibində o qədər pul olmasın", - başqa bir sakin qeyd edib.
Bəs müştəriyə əvvəlcədən xəbər verilmədən menyu qiymətlərində dəyişiklik edilirsə və ya servis haqqı barədə məlumat təqdim olunmursa, bu halda müştəri nə etməlidir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, restoran və kafelərdə istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu vasitəsilə çatdırılmalıdır:
"Restoran və kafelərdə təqdim olunan xidmət və məhsulların qiyməti menyuda göstərilən məbləğ əsasında müəyyən edilir və hesablaşmalar həmin qiymətlərə uyğun aparılmalıdır. Menyuda qeyd olunan qiymətlərdən fərqli məbləğin tələb edilməsi istehlakçıların malın və ya xidmətin hesabına dair aldadılması hesab olunur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın və ya xidmətin hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilir".