AZ

​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq – FOTO

Azərbaycanda ən yaşlı unuversitet müəllimi Məsumə Məlikovadır. Məsumə Məlikova Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir.

NOCOMMENT.az xəbər verir ki, görkəmli alimin bütün fəaliyyəti BDU ilə bağlıdır. O, 68 ildi doğma təhsil ocağında çalışır.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.

1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik, 1973-cü ildə isə “XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Məsumə Məlikova 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olub. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilib. O, 1968-ci ildən indiyə kimi bu kafedraya rəhbərlik edir.

M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.

İki il əvvəl Məsumə Məlikovanın 95 illik yubileyi təntənəli şəkildə qeyd olunub. 2029-cu ildə Məsumə xanımın 100 yaşı tamam olacaq. O, yaşının çoxluğuna baxmayaraq, bu gün də təcrübəsini gənc alimlərlə bölüşür./metbuat.az/

Fotoda: Məsumə Məlikova

Seçilən
0
1
nocomment.az

10Mənbələr