AZ

101 Ağbabalı: Torpağın yaddaşındakı Əsəd Musayev



Hər bir insanın dünyaya gəlişi sıradan bir hadisə deyil, kainatın sonsuz nizamında xüsusi bir məna daşıyan ilahi bir taledir. Lakin elə şəxsiyyətlər var ki, onların gəlişi bir elin, bir millətin taleyini işıqlandırmaq, tarixin səhifələrinə silinməz izlər nəqş etmək üçün nəzərdə tutulub. Şəxsiyyət – zamanın süzgəcindən keçib mənəvi ucalığa çatan, fərdi ömrünü bəşəri dəyərlərə fəda edən insandır. Belə insanların tarixdəki yeri və rolu sadəcə tutduqları vəzifələrlə deyil, qoyub getdikləri irsin diriliyi və millətin yaddaşında tutduqları taxtla ölçülür. Dünyaya gəlişindəki mənanı torpağa sədaqətdə, elinə xidmətdə və xalqının ruzisini artırmaqda tapan belə uca şəxsiyyətlərdən biri də kənd təsərrüfatı elminin fədaisi, Azərbaycanın ərzaq müstəqilliyinin sarsılmaz sütunu Əsəd Musayevdir.

Dünyada ən müqəddəs vəzifə torpağın köksünə toxum əkmək, o toxumdan bir millətin ruzisini cücərtməkdir. Bəşər tarixi torpaqla nəfəs alır, insanlıq isə o torpağın verdiyi bərəkətlə ucalır. Əsl alim o kəsdir ki, ömrünü bir buğda dəni kimi xalqının rifahı yolunda torpağa fəda etsin, min budaq olub cücərsin. Alim ömrü əkilmiş bir zəmi kimidir; hər sünbülündə bir zəhmətin, hər dənində bir zəkanın yaddaşı yaşayır. Budur həqiqi fədakarlıq: öz elini, obasını sevərək bütün dünyaya xidmət etmək. Məhz belə bir ömrün – əzəli Türk yurdu olan Ağbaba-Şörəyel ellərinin qüruru, zəkasını vətəninin iqtisadi müstəqilliyinə və çörək bolluğuna həsr edən Əsəd Musayevin həyat dastanı bizim üçün sarsılmaz bir sədaqət dərsidir.


1938-ci ilin soyuq bir qış günündə, yanvarın 8-də Amasiya rayonunun Oxçuoğlu kəndində bir kəndli ocağında dünyaya göz açan Əsəd üçün torpaq sadəcə yaşayış yeri deyil, bir tale yazısı idi. Oxçuoğlu elə bir məkandır ki, o, həm Ağbabanın uca və vüqarlı dağlarının əzəmətini, həm də Şörəyelin bərəkətli düzlərinin nəfəsini özündə birləşdirir. Əsəd Musayev məhz bu iki ulu mahalı bir ürək kimi döyündürən mənəvi kökün yetirməsi, Ağbaba-Şörəyel ellərinin ortaq oğlu idi. Onun uşaqlıq illəri Arpa çayının coşqun nəfəsi, ocağından su içdiyi zümzüməli bulaqların səsi altında, o vüqarlı dağların kölgəsində keçmişdi. Bu torpaqların hər qarışına bələd olması, kəndli zəhmətinə olan sonsuz ehtiramı onu İrəvan Kənd Təsərrüfatı Texnikumuna, ordan isə fərqlənmə diplomu ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirdi. 1962-ci ildə "alim aqronom" ixtisasına yiyələnəndə, o, artıq torpağın gizli dilini və hər dənin sirrini öyrənmişdi.
Əsəd Musayevin elmi təfəkkürü Azərbaycanın taxılçılıq tarixində yeni bir intibah dövrü açdı. Onun üçün hər torpaq örtüyü bir kitab idi; Kür-Araz ovalığından, Sabirabadın, Salyanın şoran düzlərindən Siyəzənin yamaclarına qədər Azərbaycan torpağını qarış-qarış öyrənərək, millətin ruzi xəritəsini cızırdı. Alimin gecəli-gündüzlü axtarışları, sınaq tarlalarındakı fədakar əməyi bəhrəsini verdi; o, yerə yatmayan, xəstəliklərə davamlı və dən keyfiyyəti yüksək olan yeni sortlar yaratdı. Təsəvvür edin ki, bir insanın rəhbərliyi ilə 90-dan çox dənli və paxlalı bitki sortu yaradılıb ki, bu gün ölkənin 600 min hektardan artıq sahəsində ləpələnən o sarı zəmilər məhz Əsəd Musayevin zəkasının meyvəsidir. O, yaratdığı 32 bərəkətli buğda sortu ilə xalqın süfrəsindəki çörəyin dadına, süfrəmizin bərəkətinə çevrildi.
Lakin Əsəd müəllim təkcə bir alim, Aqrar Elm Mərkəzinə və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən böyük strateq deyil, həm də kökünə, elinə sadiq bir el ağsaqqalı idi. O, hər dəfə yeni bir buğda növü üzərində işləyəndə, yəqin ki, Ağbaba-Şörəyel düzlərinin o saf havasını, Oxçuoğlunun müqəddəs torpağını, Arpa çayının şırıltısını və zümzüməli bulaqların o doğma səsini xatırlayırdı. Onun institutda topladığı 20 mindən çox genofond əslində təbiətin və tarixin yaddaşını qorumaq mücadiləsi idi. Əsəd müəllimin ömrü "Şərəf nişanı" ordeni, "Əməkdar kənd təsərrüfatı işçisi" adı və Prezident təqaüdü ilə taclansa da, onun üçün ən böyük mükafat hər il torpağa düşən toxumun baharda verdiyi o yaşıl muştuluq idi.

2018-ci ilin yanvarında 80 yaşında dünyasını dəyişən Əsəd Musayev bizə sadəcə kitablar və sortlar deyil, həm də torpağa necə vurğun olmağın dərslərini qoyub getdi. Fəlsəfi mənada yanaşsaq, onun həyatı bir toxumun taleyinə bənzəyirdi: özünü fəda edərək bir xalqı yaşatmaq. O, sakitcə yaşadı, lakin yaratdığı hər bir buğda dəni ilə hər bir azərbaycanlının evinə, süfrəsinə xeyir-dua kimi daxil oldu. Bu gün Ağbaba-Şörəyel ellərinin fəxr ediləsi oğlu kimi, onun adı Azərbaycanın bərəkət salnaməsinə qızıl hərflərlə yazılıb. Çünki alim o kəsdir ki, onun əkdiyi toxumlar təkcə tarlada deyil, həm də millətin yaddaşında cücərir.

Əsəd Musayevin ömrü sadəcə təqvimlərin rəqəm düzümü deyil, torpağın yaddaşına yazılmış bərəkət duasıdır. Çünki əsl alimlik kainatın gizli sirlərini millətin çörəyinə qatmaq, hər toxumun içində gələcəyin ümidini cücərtmək bacarığıdır. O, bu dünyada sakitcə, təmənnasız və dərindən – təkcə milləti üçün deyil, bütün insanlıq üçün yaşayıb yaradan o nadir şəxsiyyətlərdən idi ki, hər əməli ilə həyatın ən ali mənasına toxundu. Fəlsəfi baxımdan yanaşsaq, Əsəd müəllimin həyatı bir toxumun taleyinə bənzəyirdi; o, özünü fəda edərək bir xalqı yaşatmaq, minlərlə süfrəyə ruzi paylamaq üçün şam kimi əridi. İnsan o vaxt ölmür ki, cismi torpağa qovuşur; insan o vaxt ölür ki, adı və əməli yaddaşlardan silinir. Əsəd Musayev isə hər il Azərbaycanın taxıl zəmilərində, Arpa çayının şırıltısında və Ağbaba-Şörəyel düzlərinin qızılı sünbüllərində yenidən doğulur. Onun ruhu hər biçin vaxtı taxıl tarlalarının üzərində ləpələnən o meh kimi hər bir azərbaycanlının evinə, süfrəsinə xeyir-dua kimi daxil olur. Bu, sadəcə bir alimin sonu deyil, torpağa əkilmiş bir ömrün sonsuzluğa qovuşan və hər baharda yenidən cücərən muştuluğudur.
Ölməz şairimiz Səməd Vurğun yazırdı:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...




Bu misralar Əsəd Musayevin ömür yolunun aynasıdır. O, el qədrini, millətin ruzisini hər şeydən uca tutdu və bu yolda ömrünü bada vermədi, əksinə, onu minlərlə sünbülə çevirərək əbədiləşdirdi. Onun ölümü bir son deyil, sevilərək qazanılmış bir ölməzlikdir. Sevərək yaşadığı bu torpaq indi onu bir ana kimi bağrına basıb, amma yaratdığı hər bir sort, hər bir toxum onu hər səhər günəşlə birlikdə yenidən oyadır.

Əsəd müəllim məhz o xoşbəxt insanlardandır ki, dünyadan bir "şirin xatirə" kimi keçmədi, o, bir bərəkət rəmzi kimi qaldı. Ölüm sevinməsin, çünki Əsəd Musayev kimi şəxsiyyətlər torpağa basdırılmır, onlar torpağa əkilir ki, hər baharda yenidən cücərsinlər..


Şəmsi Qoca



Seçilən
32
aia.az

1Mənbələr