AZ

SOS: Əhalinin sevimli qidası XƏRÇƏNG yaradırmış

ABŞ-də aparılan son araşdırmalar böyüklərin demək olar ki, yarısının emal olunmuş ət məhsulları ilə bağırsaq xərçəng arasındakı əlaqədən xəbərsiz olduğunu üzə çıxarıb. Məsuliyyətli Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) hesabatına görə, kolbasa, sosis və digər emal edilmiş ətlərin istehlakı bu xəstəliyə tutulma riskini ciddi şəkildə artırır.

Sosis

Terapevt Cozef Barrokas bildirir ki, bağırsaq xərçəngi hazırda 50 yaşdan aşağı şəxslər arasında onkoloji ölüm səbəbləri içərisində ön sıralara çıxıb. Lakin bir çox insan hələ də qidalanma faktorunun bu xəstəlikdəki rolunu dərk etmir. Məlum olub ki, respondentlərin yalnız üçdə biri bu barədə həkimindən məlumat alıb. Həkimlər hesab edirlər ki, yalnız skrininq müayinələri ilə kifayətlənmək olmaz, xəstələrlə pəhrizin təsiri daha aktiv müzakirə edilməlidir. Məsələn, bitki mənşəli pəhriz saxlayanlarda bu xəstəliyə yoluxma ehtimalı 22 faiz daha azdır. Xüsusilə lifli qidaların qəbulu bağırsaq poliplərinin yaranma riskini 72 faizə qədər azaldır.

Bu o deməkdir ki, kolbasa, sosis və digər emal edilmiş ətlərdən ümumiyyətlə, imtina edilməlidir? Həftə ərzində qədər bu məhsullardan nə qədər istehlak olunmalıdır ki, risk yüksək olmasın?

Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq baş həkimi, onkoloq Nəsimi Qasımov Musavat.com-a qeyd edib ki, ümumiyyətlə, ət məhsullarının artan istehlakı bağırsaq xərçənginin yayılmasını sürətləndirir: 

“ABŞ-də aparılan tədqiqat əslində yeni bir həqiqəti ortaya qoymur. Bu, uzun illərdir məlum olan bir məsələdir: ət məhsullarının, xüsusilə də emal olunmuş ətlərin istehlakının sürətlə artması xərçəng xəstəliklərinin, o cümlədən bağırsaq xərçənginin çoxalmasına gətirib çıxarır. Sadəcə olaraq, burada bir məqam var - emal olunmuş ətlər, yəni kolbasa, sosis və digər bu tip məhsullar xüsusi risk daşıyır. Çünki bu məhsullar hisə verilir, uzun müddət saxlanılması üçün tərkibinə müxtəlif kimyəvi qatqılar əlavə olunur. Məhz bu qatqılar orqanizm üçün ciddi təhlükə yaradır. Amma məsələni yalnız bununla məhdudlaşdırmaq düzgün olmazdı. Normal ətin də həddindən artıq istehlakı bağırsaq xəstəlikləri riskini artırır. Yəni problem təkcə kolbasa və sosisdə deyil, ümumilikdə ət məhsullarının çox istifadəsindədir".

Azərbaycan

Onun sözlərinə görə, bir məqamı xüsusi qeyd etmək lazımdır:

"İllər əvvəl mədə xəstəlikləri daha geniş yayılmışdı. Bunun əsas səbəbi insanların düzgün və keyfiyyətli qidalana bilməməsi idi. Zaman keçdikcə qidalanma yaxşılaşdı və nəticədə mədə xəstəliklərinin yayılması nisbətən azaldı. Amma indi vəziyyət dəyişib, yük artıq bağırsağın üzərinə düşür. Məhz buna görə də bu gün dünyada bağırsaq xərçəngi ən çox rast gəlinən xərçəng növləri arasında üçüncü yerə yüksəlib. Burada, təbii ki, hisə verilmiş və emal olunmuş ət məhsullarının da rolu var. Lakin bu o demək deyil ki, bütün məsuliyyəti yalnız kolbasa və sosisin üzərinə qoymaq lazımdır. Bu, düzgün yanaşma olmazdı. Sadəcə, bu məhsulların hazırlanma texnologiyası və tərkibi onları daha təhlükəli edir. Açıq desək, kolbasanın tərkibində o qədər mənasız və zərərli qatqılar var ki, onu gündəlik qida vasitəsi kimi istifadə etmək qətiyyən doğru deyil. Amma maraqlı bir məqam da var – bəzən mediada tamam başqa məsələlər “şok xəbər” kimi təqdim olunur. Məsələn, siqaretin qiymətinin bahalaşması böyük xəbər kimi verilir. Halbuki demək lazımdır: qoy bahalaşsın. Çünki siqaret Ağciyər xərçənginin əsas səbəblərindən biridir və insanı məhv edən amillərdəndir. Amma cəmiyyət bu kimi əsas problemlərə çox zaman yetərincə reaksiya vermir”.

Onkoloq bağırsaq xərçənginin daha çox öldürücü olduğunu deyib:

“Statistikaya baxdıqda mənzərə daha da aydın görünür. Dünyada bağırsaq xərçəngi sürətlə artır. 2022-ci ilin məlumatlarına görə təxminən 1,8 milyon nəfərdə bu xəstəlik qeydə alınıb və ölüm sayı 1 milyona yaxın olub. Müqayisə üçün, ağciyər xərçəngi halları 2,5 milyon təşkil edib və təxminən 1,8 milyon ölüm baş verib. Yəni fərq var, amma hər iki halda nəticə ağırdır. Bu isə onu göstərir ki, məsələ yalnız bir məhsulla bağlı deyil, ümumilikdə həyat tərzi və qidalanma vərdişləri ilə bağlıdır. Beləliklə, bu gün artıq aydın şəkildə demək olar kiət məhsullarının həddindən artıq istehlakı, heyvani yağların çox qəbulu, emal olunmuş qidaların gündəlik menyuda üstünlük təşkil etməsi bağırsaq xərçəngi riskinin artmasına birbaşa təsir edir. İnsanlar nə qədər çox təbii, lifli və balanslı qidalanmaya üstünlük versə, bu riskləri bir o qədər azalda bilər”.

Xalidə Gəray
Musavat.com

Seçilən
39
1
musavat.com

2Mənbələr