AZ

“TDT ortaq milli və dini identiklik əsasında qurulan mühüm birlik kimi çıxış edir”

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentinin ikinci görüşü 2 aprel 2026-cı ildə Bakı şəhərində keçirilib. Görüş çərçivəsində tərəflər tərəfindən mühüm əhəmiyyət daşıyan birgə bəyanat qəbul olunub. Tədbirdə Əli Əsədov, Cevdet Yılmaz və digər üzv dövlətlərin yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Qəbul edilən bəyanatda təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi xüsusi vurğulanıb. Sənəddə regional sülh, sabitlik və davamlı inkişafın təşviqi əsas prioritetlər kimi qeyd edilib. Bəyanatda iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının gücləndirilməsinin vacibliyi ön plana çəkilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və yaşıl enerji layihələri sənəddə xüsusi yer alıb. Eyni zamanda rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrində birgə fəaliyyətin genişləndirilməsi dəstəklənib. Tərəflər kənd təsərrüfatı, sənaye və digər strateji sahələrdə əməkdaşlıq imkanlarını da yüksək qiymətləndiriblər. Sonda bəyanatda görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə olunub.Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatının əsası 2008-ci ildə Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında qoyulub:“Bu təşəbbüs İlham Əliyev tərəfindən irəli sürülüb. 2021-ci ildə isə təşkilat rəsmi olaraq Türk Dövlətləri Təşkilatı adını alıb. Bugünkü baxış prizmasından bu hadisəyə nəzər saldıqda, onun nə qədər uzaqgörən və strateji əhəmiyyətli olduğu aydın görünür. Müasir dünyada yeni müttəfiqliklərin formalaşdığı dövrdə, Türk Dövlətləri Təşkilatı ortaq milli və dini identiklik əsasında qurulan mühüm birlik kimi çıxış edir. Bu gün Azərbaycanda təşkilata üzv ölkələrin yüksək səviyyəli nümayəndələrinin görüşü keçirilib və mühüm qərarlar qəbul olunub. Bu qərarların İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, çünki başqa ailəmiz yoxdur” tezisinin siyasi və institusional müstəvidə reallaşmasına xidmət edəcəyi gözlənilir. Bu yanaşma həm Azərbaycanı, həm də təşkilata üzv digər dövlətləri beynəlxalq münasibətlər sistemində daha da gücləndirəcək, eyni zamanda əhalinin rifahı və təhlükəsizliyi üçün daha etibarlı zəmin yaradacaq”.Politoloq Tural İsmayılov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) mühüm toplantılarının Bakıda keçirilməsi Azərbaycanın bu coğrafiyada sadəcə üzv deyil, həm də strateji qovşaq və birləşdirici güc statusunu möhkəmləndirir:“Bu ev sahibliyi həm daxili, həm də xarici auditoriyaya çoxşaxəli mesajlar verir. Birincisi, Bakı özünü türk dünyasının diplomatik mərkəzi və geosiyasi inteqrasiyanın lokomotivi kimi təqdim edir. İkincisi, bu, Azərbaycanın xarici siyasətində Avrasiya vektorunun, xüsusilə türk birliyinin prioritet istiqamət olduğunu nümayiş etdirir. Azərbaycanın son illərdə bu istiqamətdə atdığı addımlar həm hərbi-siyasi, həm də iqtisadi-logistik müstəvidə həlledici xarakter daşıyır. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə və Şuşa Bəyannaməsi ilə Türkiyə ilə müttəfiqliyin rəsmi müstəviyə keçməsi bütün türk dövlətləri üçün yeni əməkdaşlıq modeli yaratdı”.O bildirib ki, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi isə bu birliyinin mənəvi təməllərini daha da gücləndirdi:“Azərbaycan Orta Dəhliz layihəsinin ən kritik halqası kimi çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə türk dövlətlərini bir-birinə iqtisadi və fiziki cəhətdən bağlayan əsas arteriyaları formalaşdırıb. Mərkəzi Asiya dövlətləri, xüsusən Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq əlaqələrinin yeni müstəviyə qalxması Azərbaycanı türk dünyasının "enerji və logistika qapısı" halına gətirib. Gələcək perspektivdə bu siyasət Azərbaycanın türk dünyasındakı rolunu strateji moderator səviyyəsinə qaldıracaqdır. Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında həm coğrafi, həm də siyasi bir körpü rolunu oynayır. Türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsi, vahid iqtisadi bazarın qurulması və rəqəmsal inteqrasiya proseslərində rəsmi Bakının təşəbbüskarlığı onu regionun əsas oyunçularından birinə çevirir. Bu xəttin davam etdirilməsi Azərbaycanın gələcəkdə türk dövlətlərinin ortaq təhlükəsizlik və iqtisadi platformalarında əsas qərarverici mərkəzlərdən biri olmasını təmin edəcək və ölkəmizin beynəlxalq arenadakı çəkisini daha da artıracaqdır”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr