AZ

Professor: Elmi fəaliyyət yalnız kəmiyyət göstəriciləri ilə qiymətləndirilməməlidir

"Elmi nəşrlərdə oxuduğumuz hər bir elmi məqaləyə həqiqətən inanırıqmı? Bu sual sadə görünsə də, əslində müasir elmin taleyini müəyyən edən əsas sualdır".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmlər doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor qeyd edib ki, bu gün akademik mühitdə olduqca narahatedici bir tendensiya müşahidə olunur:

"Başqalarının mətnlərinin mənimsənilməsi, sifarişlə yazılmış “elmi” işlərin artması, formal və səthi tədqiqatların geniş yayılması, hətta bəzi hallarda ümumiyyətlə mövcud olmayan eksperimentlərin təsvir edilməsi və s. bütün bunlar bir həqiqəti göstərir. Elm yalnız bilik istehsal edən sahə deyil, eyni zamanda imitasiyaya açıq bir sistemə çevrilmək təhlükəsi ilə üz-üzədir.Problemin kökündə bir neçə sistemli səbəb dayanır. Birincisi “dərc et, yoxsa yox ol” prinsipidir. Akademik karyera çox vaxt məqalələrin sayı ilə ölçülür. Bu isə keyfiyyətin deyil, kəmiyyətin ön plana çıxmasına səbəb olur.

İkincisi akademik bazarın kommersiyalaşmasıdır. Bu gün “paper mill” adlanan strukturlar pul müqabilində məqalələr “istehsal edir”. Bu, artıq fərdi pozuntu deyil bu, sistemli biznesdir.Üçüncüsü rəy mexanizmlərinin zəifləməsidir. Peer-review sistemi bir çox hallarda formal prosedura çevrilir və real elmi filtr funksiyasını itirir.

Dördüncüsü elmi fəaliyyətin kəmiyyət yönümlü transformasiyasıdır. Bu kontekstdə UNEC rektoru professor Ədalət Muradovun “Bir daha universitet elmi haqqında” Aprelin 1-də 2026 ci il tarixində UNEC-də keçirilən “Elm Günləri”nə həsr olunan tədbirin  çıxışında səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. O vurğulayır ki, “ elmin inkişafı artıq yalnız klassik tədqiqat modelindən asılı deyil və müasir akademik mühitdə getdikcə keyfiyyət deyil, kəmiyyət üstün tutulur.

Məqalələrin sayının artmasına baxmayaraq, real elmi töhfə zəif qalır, çoxsaylı həmmüəlliflik halları keyfiyyət göstəricisi kimi çıxış etmir, yüksək istinad səviyyəsi isə həmişə məqalənin həqiqi elmi dəyərini əks etdirmir. Nəticədə, bu sistem geniş manipulyasiyalara açıq hala gəlir” (//525.az/news/324488-elmin-inkisafi-artiq-yalniz-klassik-tedqiqat-modelinden-asili-deyil-rektor). Bu proseslərin nəticələri olduqca ciddidir: elmə ictimai etimad azalır, dövlət siyasəti yanlış elmi nəticələrə əsaslana bilir, resurslar səmərəsiz istiqamətlərə yönəlir və gənc tədqiqatçılar üçün yanlış nümunələr formalaşır".

Ən təhlükəlisi isə budur ki, elm ilə imitasiya arasındakı sərhəd getdikcə silinir

"Əsas sual: çıxış yolu varmı? Bəli, çıxış yolu var. Amma bu yol sadə deyil və yalnız texniki tədbirlərlə məhdudlaşmır.Təklif olunan həllər bu problemin aradan qaldırılması üçün sistemli və kompleks yanaşmanı əhatə edir. Elmi fəaliyyət məqalə sayı ilə deyil, onun təsiri və keyfiyyəti ilə qiymətləndirilməlidir.Məlumatların, metodların və nəticələrin şəffaflığı təmin olunmalıdır. Universitetlərdə müstəqil etik mərkəzlər yaradılmalı, saxtakarlığa qarşı real və işlək mexanizmlər tətbiq edilməlidir. Rəy prosesi daha şəffaf və məsuliyyətli olmalıdır.

Ən vacib məsələ budur. Çünki elm yalnız qaydalarla deyil, dəyərlərlə yaşayır.Çıxış yolumuz isə tam aydındır. Elmin dəyəri yazılanların sayında deyil, ortaya qoyulan həqiqətin dərinliyində və etibarlılığında ölçülməlidir. Elmin dəyəri onun nə qədər yazıldığı ilə deyil, nə qədər doğru olduğu ilə ölçülməlidir.

Əgər akademik sistem bu prinsipi qəbul etməzsə, nə qədər çox məqalə yazılsa da və nə qədər çox indeks əldə edilsə də, elm öz əsas funksiyasını həqiqəti aşkar etmə missiyasını itirəcəkdir".

Seçilən
31
azedu.az

1Mənbələr