AZ

Azərbaycan futboluna çağırış günü

Azarkeş etik normaları, asayiş, davranış qaydalarını, futbolun yüksək təşkilatı tələblərini qorumaq şərti ilə, öz emosiyaları, çılğınlığı, fanatlığıyla hər zaman haqlıdır.

Azərbaycan azarkeşi təəssübkeşliyi ilə bərabər öz futbol tələbkarlığıyla da seçilir. Tarixən belə olub. "Qarabağ" - "Sabah" arasında keçirilən görüş Bizon Azərbaycan Kubokunun yarımfinal oyunu bunu bir daha sübut etdi.

Son illərin daxili yarışlarında azarkeş rekordu qırıldı. 21 mindən çox azarkeş - futbolun əsas qüvvəsini təmsil edənlər tribunaları dolduraraq Azərbaycan futbolununun bu gününə, sabahına ümidli olduqlarını göstərdilər.

Dünən tribunaları dolduran azarkeşlər, futbol toplumu adından oyun səviyyəsini necə hiss etdiklərini, futbolu dərindən bildiklərini, kütlə olmadıqlarını əyani olaraq sübuta yetirdilər.

İllərdir ölkə futbolunun "repressiyaya" uğraması ilə paralel, səviyyəli azarkeş hissləriylə də oynanılıb, məğlub psixologiya aşılanıb, bəhanələrlə aldadılmağa çalışılıb. Azarkeşlərin layiq olmadıqları futbola alışdırılmasına cəhd edilib. 

Stadionlar boşalsa da, Azərbaycan azarkeşi bunu qəbul etmədi, öz böyüklüyünü qorudu. 

Azərbaycan azarkeşi əsl futbol həsrəti ilə daxildə qığılcım görən kimi, yenidən tribunalara axışdı, futbolda təhlil qabiliyyətinin hansı səviyyədə olduğunu açıq şəkildə nümayiş etdirdi. Populizmə, araqatmalara, təhrikedici dava-dalaşlara yox, səviyyəli futbola üstünlük verdiklərini, bunun daha artığını istədiklərini futboldakılara çatdırdılar. 

Dünənki gün azarkeşlərin Azərbaycan futboluna çağırış günü idi - biz daxili yarışlarda da Avropa futbolu istəyirik, o səviyyəni yenidən görmək inamı, mesajı verildi. 

Azarkeşlər yeni klub olmasına baxmayaraq, rəqabətədözümlü, iddialı, layiqli rəqib kimi "Sabah"ı da  qəbul etdilər. Bu, köklü klublarla yanaşı, digər komandalara da futbol çağırışı idi...

Azərbaycan azarkeşi bütün dövrlərdə öz tələbkarlığı, iddiası ilə seçilib və çox vaxt başa düşülməyib. Tribunaların boş qalması azarkeş günahı deyil(di). "Qarabağ" - "Sabah" oyununda azarkeşlər bunu bir daha sübut etdilər.

Azarkeşlər Azərbaycan futboluna, gələcəyinə inanmağa başlayıb, bu, futbolda son ayların ən böyük qələbəsidir - futbolumuzun gələcəyinə inam qələbəsi! 

Bu ruh, bu inam qırılmamalı, azarkeşlərin yüksək futbol mədəniyyəti, tələbi yerinə yetirilməli, futbolda islahatlar, doğru yol davam etdirilməli, Azərbaycan futbolu layiq olduğu zirvələrə ucalmalıdır!

Mirağa

Seçilən
21
1
fanat.az

2Mənbələr