AZ

Türk dünyasının əbədiyyət rəmzləri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türk xalqlarının mənəvi dünyasını, tarixi köklərini və ortaq dəyərlərini özündə əks etdirən “TurkDiscovery YouTube” platforması maarifləndirici missiyasını genişləndirir. Türk Mədəniyyəti və İrsi Fondundan mediaya bildirilib ki, platforma nəsillərarası körpü olaraq türk ruhunun ən qədim izlərini çağdaş auditoriyaya təqdim edir.

Fondun maarifləndirici missiyası çərçivəsində ərsəyə gələn “Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü artıq yayımdadır. Layihənin məqsədi Türk dünyasının geniş coğrafiyasında yer alan petroqliflər, damğalar və runik əlifbalar vasitəsilə Türk dünyasının ortaq tarixi yaddaşının görüntüsünü yaratmaq və yaymaqdır. Film minilliklərin nəfəsini qoruyub saxlayan müqəddəs məkanlardan və daşlara həkk olunmuş kimlik izlərindən bəhs edir.

Tarixi-sənədli filmin ilk bölümü Azərbaycanın Xəzər sahillərindən Qarabağ düzlərinə qədər uzanan geniş bir coğrafiyada türk izlərinin elmi və mədəni mənzərəsini canlandırır. Qədimi məkanlarda lentə alınan videoxronika türk xalqlarının ortaq tarixi “pasport”u sayılan tamğaların sirrini açır. Filmdə tarixdə silinməz izlər qoymuş qədim türk tayfalarının (Qayı, Əfşar, Səlcuq, Qıpçaq və s.) daş yaddaşına həkk olunmuş nişanələr barədə mütəxəssis açıqlamaları bir çox mövzulara aydınlıq gətirir.

Yeni layihə Azərbaycan ərazisindəki qədim petroqlifləri, kurqanları və daş balbalları Altaydan Anadoluya qədər uzanan böyük Türk dünyasının vahid mədəni kodunun ayrılmaz tərkib hissəsi kimi təqdim edir.

T.RÜSTƏMLİXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
5
xalqqazeti.az

7Mənbələr