AZ

Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın” kitabının təqdimatı keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Xalq yazıçısı, kinodramaturq,rejissor,dövlət mükafatı laureatı, görkəmli ictimai xadim Maqsud İbrahimbəyovun özbək dilində çap olunan “Qora libosli ayol tashrifi” (“Qara paltarlı qadın”) əsərinin təqdimatı keçirilib.

Kitab Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə özbək dilinə tərcümə edilərək çap olunub.

Əsəri şair və tərcüməçi Şəhla Qasımova özbək dilinə çevirib.

Əvvəl Maqsud İbrahimbəyov haqqında videofilm nümayiş etdirilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iştirakçıları salamlayaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib.

AMM-nin direktoru Akif Marifli  bildirib ki, bu tədbir yazıçının 90 illik yubileyi çərçivəsində həyata keçirilir. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib, 36 xarici dilə tərcümə olunub, keçmiş SSRİ-də və Azərbaycanda işıq üzü görüb. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskavetsə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digər əsərlərinin adını çəkmək olar. 

O deyib ki, özbək dilində çap edilən “Qara paltarlı qadın” əsəri oxucular tərəfindən maraqla qarşılanıb, müəllif bu əsərdə məhz Şərq qadınının obrazını yaradıb.

Sonra professorlar Cəmilə Şermuxammedova, Niqina Şermuxammedova, şairlər Gülbahar Seyidqəniyeva, Dilarom Əbdürəhmanqızı və başqaları yazıçının əsərlərinin məziyyətlərindən danışıblar.

Kitabı özbək dilinə çevirən Şəhla Qasımova əsər haqqında söhbət açıb, əsərin özbək oxucuları üçün maraq doğuracağına əmin olduğunu söyləyib. 

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova kitabın çapına görə minnətdarlığını bildirib.

Tədbirdə AMM-nin “Xarı bülbül” teatr truppası tərəfindən əsərin motivləri əsasında hazırlanmış teatrlaşdırılmış kompozisiya nümayiş etdirilib, “Qarabağ zəfəri” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

Təqdimat mərasimində elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyət təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirakı edib.

Tədbirin sonunda kitabın imza mərasimi keirilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr