AZ

Astara rayonunda aprel döyüşlərinin 10 cu ildönümü qeyd edilmişdir FOTOLAR

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.

SİA xəbər verir ki, tədbir çərçivəsində Astara şəhəri Qəhrəmanlar parkında aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun büstünün açılışı olmuşdur. Tədbirdə rayonun idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Qəhrəmanın anası Vahimə Ağayeva büstün açılışını edərək, önünə əklil qoymuşlar.

İcra başçısı tədbirdə çıxış edərək qeyd etmişdir ki, aprel döyüşlərindən artıq 10 il keçir. Bu əlamətdar hadisə Azərbaycan Respublikasının müasir hərb tarixində mühüm yer tutmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan proseslərin başlanğıc mərhələsi kimi xüsusi əhəmiyyət kəsb edir. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcı idi.

2016-cı ilin aprelində düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu qətiyyətli addım atdı. Qısa müddətdə həyata keçirilən əks hücum əməliyyatı yalnız hərbi uğur deyil, həm də psixoloji dönüş nöqtəsi oldu. Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş "məğlubedilməzlik" mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi.

Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı.

Döyüş əməliyyatları nəticəsində işğal altında olan 2 min hektardan artıq ərazi azad edildi, strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi, eləcə də, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və ətraf əraziləri ordumuzun tam nəzarətinə keçdi.

Bu döyüşlərdə rayonumuzun qəhrəman oğulları da iştirak etmişdir. Onlardan biri də 17 il Azərbaycan ordusunda xidmət etmiş, onlarla döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş və Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Teymurov Pəncəli Nurməmməd oğludur. Pəncəli Teymurovun xidmətləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək o, 07 noyabr 2025-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bu döyüşlər təkcə cəbhədə deyil, həm də milli şüurda yeni mərhələnin başlanğıcı oldu. Xalq, dövlət və ordu birliyinin nə qədər güclü olduğu bir daha sübut edildi. Hər bir əsgərin şücaəti, hər bir vətəndaşın dəstəyi bu qələbənin ayrılmaz hissəsinə çevrildi. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı üstünlük sayəsində xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmləndi.

Dörd il sonra həmin inam reallığa çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurdu. Vətən müharibəsi zamanı da rayonumuzun yüzlərlə gənci döyüşlərdə iştirak etdi, onlar döyüş meydanında igidlik və qəhrəmanlıq göstərdilər.

Aprel döyüşləri, Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında şəhidlərimizin qisası alındı, separatizmə son qoyuldu, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi. Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti və sarsılmaz iradəsi bu uğurların əsasını təşkil edir.

Bu gün geriyə baxdıqda aydın görünür ki, Aprel döyüşləri sadəcə bir əməliyyat deyildi. O, böyük Zəfərə aparan yolun başlanğıcı, ordunun sınaq meydanı və xalqın qələbəyə inamının təməli idi. Bu şanlı tarix ilk növbədə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsi ilə bağlıdır. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün müstəqil, suveren və qalib xalq olaraq yaşayırıq.

Allah şəhidlərimizə rəhmət etsin! Xalqımızın birliyi, dövlətimizin müstəqilliyi və suverenliyi əbədi olsun!

Allah rəşadətli ordumuzu və Müzəffər Ali Baş Komandanımızı qorusun!

Tədbirdə Asxanakəran kənd tam orta məktəbin şagirdləri Nursaç və Müjgan Teymurzadə Milli Qəhrəman Pəncəli Teymurova həsr olunmuş şeirlər söyləmiş, aprel döyüşləri qazisi Orxan Əliyev çıxış edərək Pəncəli Teymurov haqqında xatirələrini söyləmişdir.

Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Ağayeva çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisasının alınması ilə təsəlli tapdığını, qalib xalqın nümayəndəsi olmaqla qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq etmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
sia.az

10Mənbələr