AZ

"Rusiya neft nəhəngləri ilə ukraynalı uşaqların oğurlanması arasında gizli əlaqə" - "Reuters" 

 
"Kremlin həyata keçirdiyi deportasiya siyasəti iri dövlət korporasiyalarının maliyyə dəstəyi ilə həyata keçirilib..."
 
Rusiyanın "Rosneft" və "Qazprom" kimi iri neft-qaz şirkətləri Ukraynadan oğurlanmış uşaqların yerləşdirildiyi düşərgələrin maliyyələşdirilməsində iştirak edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Yel Universitetinin araşdırmasında deyilir. Məlumatı "Reuters" agentliyi yayıb.
 
Uşaqların deportasiyası və "yenidən tərbiyə" sistemi
 
Araşdırma ABŞ-ın Yel Universitetinin tədqiqatçıları tərəfindən aparılıb. Məlumata əsasən, 2022-2025-ci illər ərzində Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində və Rusiyanın özündə yerləşən düşərgələrə azı 2158 uşaq aparılıb. Bu düşərgələrdə uşaqlara "Rusiyayönümlü təhsil" verildiyi, onların ideoloji baxımdan formalaşdırıldığı qeyd olunur.
 
Tədqiqat müəllifləri nəticələrini açıq mənbələr - rəsmi bəyanatlar, sosial şəbəkə paylaşımları, korporativ saytlar və müxtəlif qeydlərin təhlili əsasında hazırlayıblar. Bildirilir ki, maliyyələşmə əsasən bu şirkətlərin törəmə qurumları və həmkarlar ittifaqları vasitəsilə həyata keçirilib.
 
"Müstəqil deyillər" - ekspertlərin mövqeyi
 
"Rosneft" şirkətinin hüquqşünasları "Reuters"ə açıqlamada bildiriblər ki, həmkarlar ittifaqları ayrıca hüquqi şəxsdir və şirkətdən asılı deyil. Bu səbəbdən, korporasiyanın onların fəaliyyəti barədə məlumatlı olmadığı iddia olunur.
 
Lakin Stanford Universitetinin professoru, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bu arqumenti rədd edib. Onun sözlərinə görə, "Rosneft" faktiki olaraq Rusiya hökumətinin bir hissəsidir və ölkədə müstəqil həmkarlar ittifaqlarının mövcudluğundan danışmaq mümkün deyil.
 
Bu fonda ABŞ Konqresinin iki partiyadan olan 12 üzvü Yel Universitetinin nəticələrinə istinad edərək Tramp administrasiyasını "Qazprom" və "Rosneft"ə qarşı sanksiyaları yenidən tətbiq etməyə çağırıb. Qeyd olunur ki, bu sanksiyalar daha əvvəl Yaxın Şərqdəki vəziyyətə görə dayandırılıb.
 
Minlərlə uşaq və itirilən kimlikMəlumatlara görə, yalnız rəsmi siyahılar əsasında 2023-cü ilə qədər 16 mindən çox ukraynalı uşağın Rusiya tərəfindən oğurlanaraq deportasiya edildiyi məlum olub. Lakin real rəqəmlərin yüz minlərlə ola biləcəyi istisna edilmir, çünki işğal olunmuş ərazilərə giriş məhduddur.
 
Faktlar göstərir ki, bu proses sistemli xarakter daşıyır. Məsələn, Donetsk vilayətində internat məktəblərindən yüzlərlə uşağın Rusiya nəzarətində olan strukturlar vasitəsilə çıxarıldığı müəyyən edilib.
 
Uşaqlar Rusiyanın müxtəlif bölgələrinə, o cümlədən Dağıstan və Krasnodar diyarına aparılır. Onlar ya xüsusi müəssisələrdə yerləşdirilir, ya da Rusiya vətəndaşlarına himayəyə verilir. Bəzi hallarda uşaqların adları dəyişdirilir və övladlığa götürmə bazalarına daxil edilirlər.
 
Hüquq müdafiəçilərinin sözlərinə görə, bu uşaqlar "yenidən tərbiyə" adı altında ideoloji təsirə məruz qalır. Məqsəd onların ukraynalı kimliyini silmək, Rusiyaya inteqrasiya etmək və bəzi hallarda təbliğat, hətta hərbi məqsədlər üçün istifadə etməkdir.
Seçilən
25
45
moderator.az

10Mənbələr