AZ

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən AZƏRTAC-a verilən xəbərə görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək, bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir.

Yağıntının müxtəlif bölgələr üzrə bir neçə gün fasilələrlə davam edəcəyi gözlənilir”.

BDYPİ bir daha diqqətə çatdırır ki, belə hava şəraitində hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, ara məsafəsi artırılmalı, kəskin manevrlərdən çəkinilməli, nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir.

Eyni zamanda bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığına əmin olmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, belə hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Seçilən
1
9
yeniazerbaycan.com

10Mənbələr