Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava hücumundan müdafiə sistemlərinin bu gün İrandan edilən hərtərəfli hava hücumu uğurla ələ dəf edib, 23 ballistik raket və 56 dronu havadaykən məhv etməyi bacarıb.
Hafta.az yazır ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd edilir.
Hücum zamanı müdafiə sistemlərinin döyüşə tam hazır vəziyyətdə olduğu bildirilib.
İranın bölgəyə hücumlarının başlanğıcından bəri BƏƏ-nin hava məkanına müdaxilə cəhdi ilə ümumilikdə 498 ballistik raket, 23 qanadlı raket və 2141 dron atılıb.
BƏƏ Silahlı Qüvvələrinin iki üzvünün müdafiə əməliyyatları və hücumları zamanı vəzifə başında həlak olduğu açıqlanıb. Həmçinin orduda müqavilə ilə işləyən Mərakeş vətəndaşının da həyatını itirdiyi bildirilib.
Mülki şəxsləri hədəf alan hücumlarda Pakistan, Nepal, Banqladeş, Fələstin, Hindistan və Misirdən olanlar da daxil olmaqla ümumilikdə 10 mülki şəxsin həyatını itirdiyi təsdiqlənib.
Hücumlar nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla 217 nəfərin müxtəlif dərəcələrdə yaralandığı açıqlanıb. Yaralananlar arasında Misir, Sudan, Efiopiya, Filippin və Rusiya da daxil olmaqla 31 fərqli millətdən olan şəxslər var.
Yaralananlar BƏƏ-də tam təchiz olunmuş xəstəxanalarda müalicə alırlar. Səhiyyə rəsmiləri yaralıların bəzilərinin ağır vəziyyətdə olduğunu, lakin əksəriyyətinin ambulator müalicə aldığını bildiriblər.
BƏƏ Müdafiə Nazirliyi silahlı qüvvələrin bütün xarici təhdidlərə qarşı tam hazır vəziyyətdə olduğunu açıqlayıb. Ölkənin suverenliyinə və sabitliyinə qarşı yönəlmiş hər hansı bir cəhdin mümkün olan ən güclü cavabla qarşılanacağı bildirilib.
Dövlətin strateji maraqlarını və milli aktivlərini qorumaq öhdəliyi bir daha vurğulanıb və hava hücumundan müdafiə imkanlarının gücləndirilməyə davam ediləcəyi mesajı çatdırılıb.