Azərbaycanda əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə bu ilin iyun ayına qədər qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.
Bu Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində öz əksini tapıb. Sənədə əsasən, ölkədə əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması nəzərdə tutulur.
O cümlədən, saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasının bu ilin iyun ayına qədər yekunlaşdırılması planlaşdırılır. Bununla yanaşı, əməkhaqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də təkliflərin hazırlanması nəzərdə tutulur. Yol Xəritəsində uşaqların əmək hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin hazırlanaraq razılaşdırılması da əksini tapıb.
Eyni zamanda, "Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament"in təsdiqi ilə bağlı qərar layihəsinin hazırlanması nəzərdə tutulur.
Bundan əlavə, "təcrübəçi" kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunun normativ hüquqi aktlarda tənzimlənməsi planlaşdırılır. Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra müddəti 1 iyun 2026-cı ilə qədər müəyyən edilib. Sənəd üzrə əsas icraçı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Azərbaycanda iş yerlərində ən çox rast gəlinən qısnama (diskriminasiya) halları hansılardır? Azərbaycanda eyni vəzifədə çalışan qadın və kişilər arasında maaş fərqi varmı?
Mövzu ilə bağlı “Cümhuriyət” – ə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, iş yerlərində ən çox rast gəlinən problemlərdən biri gender əsaslı ayrı-seçkilikdir:

“Azərbaycanda əmək münasibətlərində ayrı-seçkilik və qısnama halları müxtəlif formalarda özünü göstərir. Bu hallar həm açıq şəkildə, həm də daha gizli mexanizmlərlə baş verə bilir və bir çox insanın iş həyatına təsir edir. Ən çox rast gəlinən problemlərdən biri gender əsaslı ayrı-seçkilikdir. İşə qəbul zamanı bəzi işəgötürənlər qadınlara üstünlük vermir və onları “ailə quracaq” və ya “uşağa görə işdən ayrılacaq” kimi stereotiplərlə qiymətləndirirlər.
Eyni zamanda, karyera yüksəlişi zamanı kişilərə daha çox üstünlük verilməsi halları da müşahidə olunur. İş yerlərində seksual qısnama da ciddi problemlərdən biridir. Bu, arzuolunmaz sözlər, jestlər və mesajlar şəklində özünü göstərə bilər. Bəzi hallarda rəhbərlik tərəfindən “karyera müqabilində münasibət” kimi etikadan kənar təkliflər verilir. Bundan əlavə, qeyri-rəsmi psixoloji təzyiq və intim xarakterli davranışlar da bu kateqoriyaya daxildir”.
Onun sözlərinə görə, yaşa görə diskriminasiya da geniş yayılıb:
“Xüsusilə 40 yaşdan yuxarı şəxslər işə qəbul zamanı çətinliklərlə üzləşir və daha çox gənc işçilərə üstünlük verilir”.
Onun sözlərinə görə, sosial status və ailə vəziyyətinə görə ayrı-seçkilik də müşahidə olunur:
“Subay, boşanmış və ya tək valideyn olan qadınlara qarşı bəzi iş yerlərində qərəzli münasibət formalaşır. Hamiləlik və analıqla bağlı ayrı-seçkilik isə qadınların əmək hüquqlarına ciddi təsir edir. Bəzi hallarda hamilə qadınlar işdən çıxarılır və ya ümumiyyətlə işə götürülmür. Analıq məzuniyyətindən qayıtdıqdan sonra isə iş yerində təzyiq və ya əlverişsiz şəraitlə qarşılaşa bilirlər. Ümumilikdə, bu halların çoxu qanunvericiliklə qadağan olunsa da, praktikada onların qarşısının alınması çətin olur. Bunun əsas səbəbləri sübutetmə mexanizmlərinin zəifliyi və cəmiyyətdə mövcud olan stereotiplərin davam etməsidir”.
M. Zeynalova qeyd edib ki, Azərbaycanda gender əsaslı maaş fərqi mövcuddur, lakin bu fərq daha çox dolayı xarakter daşıyır:
“Rəsmi olaraq qanunvericilikdə eyni işə görə eyni əməkhaqqı prinsipi təsbit olunub. Praktikada qadınlar daha aşağı maaşlı sahələrdə- təhsil, sosial xidmətlər və s. cəmləşir. Kişilər isə daha yüksək maaşlı sektorlarda, -tikinti, enerji, texnologiya və s. üstünlük təşkil edir. Hazırlanan Yol Xəritəsində göstərilən islahatlar mövcud problemlərin sistemli şəkildə həllinə yönəlib. Bu dəyişikliklər düzgün tətbiq olunarsa, iş yerlərində təhlükəsiz mühit güclənəcək, qadınların əmək bazarında iştirak imkanları artacaq . Gender bərabərliyi istiqamətində real irəliləyiş əldə ediləcək”.