AZ

Yaz mövsümünün orqanizmə gətirdiyi narahatlıqlar

Son günlər bir çox insanın özünü səbəbsiz yorğun, enerjisiz və motivasiyasız hiss edir. 

Xüsusilə yaz fəslinin gəlişi ilə bu hallar daha qabarıq şəkildə hiss olunur. Qışdan yaza keçid dövründə havanın dəyişməsi və gün işığının artması orqanizmdə müəyyən uyğunlaşma prosesləri yaradır ki, bu da gündəlik rejim dəyişməsə belə, işdə və ya dərsdə diqqətin tez dağılması, yuxululuğun artması ilə müşayiət olunur. 

Yaz mövsümündə yaranan yorğunluq və halsızlıq hissini azaltmaq üçün gündəlik rejimdə nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, qışdan yaza keçid dövrü bir çox insanda həm fiziki, həm də psixoloji olaraq müəyyən dəyişikliklər yaradır:

"Qışdan yaza keçid zamanı bir çox insanda əhvalın bir qədər dəyişməsi, yorğunluq və motivasiya azalması müşahidə olunur. Bu, bədənin və beynin yeni ritmə uyğunlaşması ilə bağlıdır.İnsan orqanizmi təkcə fiziki olaraq deyil, emosional olaraq da mövsüm dəyişikliklərinə reaksiya verir. Bu dövrdə insanlarda diqqətin tez dağılması, bir qədər süstlük və yuxululuq hissi yaranması normal qəbul edilə bilər".

Onun sözlərinə görə, əsas məsələ bu halı düzgün anlamaq və özünə qarşı daha anlayışlı olmaqdır:

"Bəzən insanlar bu vəziyyəti “problem” kimi qəbul edib özlərini daha çox yükləyirlər, halbuki bu, keçici bir uyğunlaşma mərhələsidir.İnsan öz gündəlik tempini bir qədər yumşaltsın, özünə kiçik fasilələr versin və bədəninin siqnallarını dinləsin. Açıq havada olmaq, sosial əlaqələri qorumaq və gündəlik rutini tam pozmamaq bu keçid dövrünü daha rahat keçirməyə kömək edir".

Psixoloq qeyd edib ki, insanın emosional balansını qoruması da önəmlidir:

"Ən önəmlisi isə odur ki, bu kimi hisslər qarşısında panikaya düşmədən, onların müvəqqəti olduğunu qəbul etmək və özünə zaman vermək lazımdır. Bu yanaşma həm psixoloji rahatlıq yaradır, həm də uyğunlaşma prosesini daha yüngül edir".

Seçilən
0
16
cebheinfo.az

10Mənbələr