İran hakimiyyəti terrorizmdə günahkar bilinən "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") qruplaşmasının iki üzvünün ölüm hökmünü icra edib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə İranın "Tasnim" agentliyi məlumat verib.
Bildirilir ki, İran Ali Məhkəməsi ölüm hökmünü təsdiqlədikdən sonra iki nəfər Tehranda asılıb.
Agentlik qeyd edir ki, yaraqlılar xaricdən təlimatla İran paytaxtında bir sıra silahlı hücumlar və partlayışlar törədiblər. Onlar, həmçinin maliyyə dəstəyinə, kiçikqabaritli raket qurğularının və əldəqayırma bombaların yığılması üçün emalatxanalar kimi, eləcə də qruplaşmanın digər üzvləri üçün sığınacaq kimi istifadə edilən konspirativ (təhlükəsiz) evlərin icarəyə götürülməsinə məsuliyyət daşıyırmışlar. Məlumata görə, onlar pulları xaricdəki koordinatorlardan tranşlarla kriptovalyuta şəklində alıblar.
Təşkilat üzvləri əvvəlcədən hazırlanmış dörd qurğudan istifadə etməklə növbəti hücumu həyata keçirməyə cəhd edərkən cinayət başında ələ keçiblər. İran məhkəməsi onları silahlı üsyan, milli təhlükəsizliyə qarşı əlbir olma və İslam Respublikasının dövlət sistemini devirməyə yönəlmiş terror aktlarında günahkar bilib. Aşkar edilmiş dəlillər, eləcə də maskalanmaq üçün vasitələr, müşahidə kameralarından materiallar və təqsirləndirilən şəxslərin özlərinin ifadələri ölüm cəzası üçün əsas olub.